Əsas Səhifə > Ölkə, Manşet > AZAD MEDİAYA QARŞI KAĞIZ SABOTAJI

AZAD MEDİAYA QARŞI KAĞIZ SABOTAJI


27-03-2012, 16:28
AZAD MEDİAYA QARŞI KAĞIZ SABOTAJI

OLİQARX-MƏMURLARA YENİ «EUROVISION» TAPŞIRIĞI VERİLİB

DİA.AZ: - Uzun illərdir ki, bir sıra qüvvələr və oliqarx biznesmenlər ölkəyə gətirilən mallara nəzarəti öz əllərinə keçirmiş, bütün iqtisadi və sosial sektorları monopoliyaya almışlar. Gətirilən mallara istədikləri qiyməti qoymaqla azad rəqabətə və ölkədəki bazar iqtisadiyyatı mexanizminə təsir edən həmin qüvvələr elə bir sahə yoxdur ki, ona əl qoymasınlar. Ölkədə qanunsuzluqlara və özbaşınalıqlara yol açan oliqarx məmurların öz monopolist maraqlarını həyata keçirmələri bu gün də davam edir.

DİA.AZ-a daxil olan məlumata görə, oliqarxlar və onların əlaltıları olan bəzi biznesmenlər qarşısına qəzet bazarını da tam inhisara almaq tapşırığı qoyulub. Belə ki, ölkəyə gətirilən qəzet avadanlıqlarının və əsasən də kağızın satışını öz əllərində cəmləşdirən monopolistlər kağız biznesində də süni qiymət artımı yaratmağa hazırlaşır. Medianın adı gələndə qulaqlarını tutan və mediaya qarşı qərəzli mövqe sərgiləyən oliqarxlar, deyəsən, qəzetlərə başqa yolla təsir edə bilmədilər. Ona görə də onlar kağız biznesində süni qiymət problemi yaradaraq, onların əməllərindən yazan qəzetlərin tirajına və ardıcıl nəşr olunmasına mane olmağa çalışırlar. Qəzet bazarındakı kağız biznesinin monopoliyaya alınması və süni qiymət artımı bir qrup şəxsin biznes maraqlarına xidmət edir.

Qeyd edək ki, kağızın bahalaşması qəzetlərin də qiymətinin artmasına səbəb ola bilər. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, artıq bəzi mətbəələr çap xərclərinin artırılacağı ilə bağlı qəzetlərə xəbərdarlıq da ediblər. Ölkəmizdə qəzetlərin satış qiyməti kifayət qədər yüksəkdir. Elə bunun nəticəsidir ki, ötən əsrin son onilliyi ilə müqayisədə qəzet oxucularının sayı dəfələrlə azalıb. İndisə qəzetləri yeni təhlükə gözləyir. Qəzet kağızının qiymətinin son vaxtlar 15-20% artdığı barədə xəbərlər dolaşmaqdadır. Ölkəmizin kağızı əsasən şimal qonşumuzdan idxal etməsinə rəğmən, son bir ay ərzində Rusiyada demək olar ki, kağızın qiyməti artmayıb. Aldığımız məlumata görə, Rusiyada qəzet kağızı yenə də əvvəlki qiymətə satılır. Sadəcə olaraq, dollar-rubl məzənnəsində yaranan fərq nəticəsində az-maz əlavə vəsait ödənilir. Ümumilikdə isə, bu ölkədə kağızın qiymətində ciddi artım müşahidə olunmur.

Baş verənlər haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə mediaya qarşı kağız sabotajının əsas məqsədi «Eurovision 2012» ərəfəsində ölkədə azad sözü basqı altında saxlamaq və bununlada Bakıya gələcək xaricilərin real durumdan xəbərdar olmasına əngəl yaratmaqdır.


Geri qayıt