Əsas Səhifə > Gündəm, Manşet > ŞAHİN MUSTAFAYEV OLİQARXLARLA EYNİ OYUNDA

ŞAHİN MUSTAFAYEV OLİQARXLARLA EYNİ OYUNDA


27-03-2012, 12:08
ŞAHİN MUSTAFAYEV OLİQARXLARLA EYNİ OYUNDA

İQTİSADİ İNKİŞAF NAZİRİ ÖZÜ BELƏ İSTƏMƏDƏN BÖYÜK PLANA BAŞLAYIR

DİA.AZ: - Bir vaxtlar həm ölkənin həyatında, həm də iqtidar daxili konfliklərdə həlledici fiqurlardan sayılan iqtisadi inkişaf naziri indi sanki ikinci dərəcəli fiqura çevrilib. Etiraf etmək lazımdır ki, sabiq iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev hazırkı nazir Şahin Mustafayevdən daha çevik görünürdülər.

Şahin Mustafayevin 2008-ci ildən nazir təyin olunmasına baxmayaraq, o hələ ki ötən müddət ərzində hakimiyyət daxilində real gücə çevrilə bilməyib. Onun rəqibləri qarşısında çox zəif görünməsinin isə özəl səbəbləri var. Təbii ki, Ş.Mustafayev həm F.Əliyevin, həm də H.Babayevin «məhvinə» gətirib çıxarmış səbəblərlə yaxşı tanışdır və bu üzdən də bir qədər ehtiyyatlı davranaraq özünü mümkün təhlükələrdən sığortalamağa çalışır. Məmur-oliqarxlarla kəllə-kəlləyə gəlməkdən bütün mümkün vasitələrlə yayınmağa çalışan nazir çətinliklə də olsa buna nail ola bilir. Amma bu heç də o demək deyil ki, Ş.Mustafayev sonacan müdafiədə oynamaq fikrindədir.

Ciddi-cəhdlə kölgədə qalmağa çalışmasına baxmayaraq, ətrafında baş verənlər iqtisadi inkişaf nazirini istər-istəməz konfliklərin tüğyan etdiyi «oyun meydançası»na atır və o, bu «meydança»da hərdən hücuma keçməyə də məhkumdur.

Nazir kimi fəaliyyət göstərdiyi son illər ərzində hər hansı ziddiyyətlərdə adının hallandırılmasına səbəb verməyən Ş.Mustafayev bununla sələflərinin taleyini yaşamamaq istəyini nümayiş etdirmiş oldu. Bununla belə Ş.Mustafayevin sonacan bu taktikaya sadiq qalacağı şübhəli görünür. Hər halda onun və rəhbərlik etdiyi nazirliyin yerinə yetirməli olduğu funksiya elədir ki, istmədən belə kiminsə «ayağını tapdalamalıdır» və bunu etməyəcəyi təqdirdə özünü zərbə altına qoymuş olar. Elə bu çətin sitiuasiya da son zamanlar Ş.Mustafayevi «atəşkəsi» pozmağa vadar edir.

DİA.AZ-a daxil olan məlumata görə, artıq hakim komandada özünə kifayət qədər güclü düşmənlər qazanan iqtisadi inkişaf naziri başladığı oyunu sona çatdırmağa məhkumdur. Dövlət başçısının dəstəyinə güvənən Ş.Mustafayevin artıq fövqəladə hallar naziri K.Heydərov və nəqliyyat naziri Z.Məmmədovla toqquşduğu bildirilir. Düzdür, bu toqquşmalar hələ ki idarəolunmaz ziddiyyətlər səviyəsinə gəlib çıxmayıb, bununla belə prosesin təhlükəli məcrada inkişaf edəcəyini proqnozlaşdırmaq olar. Faktiki olaraq, hakimiyyətdəki digər alternativ güc mərkəzləri tərəfindən də müdafiə olunmayan Ş.Mustafayevin bu savaşdan məğlub ayrılacağı daha ağlabatan görünür. Bununla belə, qəzetimizi məlumatlandıran mənbə onun yaxın zamanlar üçün «vurulacağını» istisna edir: «İqtisadi inkişaf nazirinin əleyhinə olan qruplaşma rəhbərləri də yaxşı başa düşür ki, bu gün üçün Ş.Mustafayevdən daha sərfəli kadr yoxdur. Hər halda onlar da anlamamış deyil ki, Ş.Mustafayev istefaya göndərilsə belə onun yerinə heç bir qruplaşma öz adamını təyin etdirə bilməyəcək. Ona görə də yaxın zaman kəsiyi üçün Ş.Mustafayevə hər hansı təhlükə görünmür».


Geri qayıt