Əsas Səhifə > Cəmiyyət > ERMƏNİSTANDAN NÖVBƏTİ TƏXRİBAT

ERMƏNİSTANDAN NÖVBƏTİ TƏXRİBAT


26-03-2012, 13:13
ERMƏNİSTANDAN NÖVBƏTİ TƏXRİBAT

AZƏRBAYCAN XİN DÜŞMƏN TƏRƏFƏ REAKSİYA VERDİ

«ATƏT-in Minsk Qrupunun yaranması tarixi ilə manipulyasiya edən Ermənistan XİN başçısı yalnız sülh danışıqlarının pozulması və nizamlanmanın uzanmasına yönəldilmiş növbəti təxribat xarakterli bəyanatlar verir». Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk Qrupunun yaradılmasının 20 illiyi münasibətilə verdiyi bəyanata münasibət bildirərkən deyib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun yaradılmasının 20 illiyi ilə bağlı martın 24-də bəyanatla çıxış edib və nizamlama prosesində dönüşün əldə olunmamasının səbəblərindən danışıb: «Buna səbəb ardıcıl olaraq həmsədrlərin təkliflərini rədd edən, münaqişənin güc yolu həlli fikrindən geri çəkilməyən və bilavasitə münaqişə tərəfi olan – Dağlıq Qarabağla danışıqlardan imtina edən tərəflərdən birinin qeyri-konstruktiv mövqeyidir».

E. Abdullayev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri 1993-cü ildə qəbul olunan və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnaməsini qəbul edən BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir.

«Bununla yanaşı, erməni ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan analoji qətnamələr İslam Əməkdaşlığı Təşkilatı və Avropa Parlamenti kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunub. Bütün dünya ölkələri, həmçinin beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır», - deyə Azərbaycanın XİN rəsmisi vurğulayıb.

E. Abdullayev qeyd edib ki, Minsk Qrupunun həmsədr ölkələri dövlət başçılarının Akvil, Muskok və Dovil şəhərlərində qəbul etdiyi bəyanatlarda “status-kvo”nun qəbul edilməz olduğu vurğulanır: «Erməni nazirə xatırlatmaq lazımdır ki, “status-kvo” - işğal, qanlı etnik təmizləmələr və yerli azərbaycanlı əhalinin tarixi yaşayış yerlərindən qovulmasıdır».

«Təcavüzkarlığı bütün dünya tərəfindən təsdiqlənən Ermənistanın xarici işlər naziri Nalbandyan hiylə nümayiş etdirərək, Minsk Qrupu haqqında danışaraq kimisə nədəsə ittiham etmək istəyir və bu ağ yalandır», - deyən Azərbaycan XİN sözçüsü rəsmi Bakının münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib, sülh nizamlanmasının diplomatik imkanlarının hələlik tükənmədiyini bildirib: «Məhz Ermənistan qeyri-konstruktiv mövqe və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik göstərir və işğalı davam etdirir».


Geri qayıt