Əsas Səhifə > Ölkə > “QƏRB HAKİMİYYƏTƏ DAHA AZ DÖZÜMLÜ OLUB”

“QƏRB HAKİMİYYƏTƏ DAHA AZ DÖZÜMLÜ OLUB”


7-10-2011, 14:56
“QƏRB HAKİMİYYƏTƏ DAHA AZ DÖZÜMLÜ OLUB”

“VƏTƏNDAŞ CƏMİYYƏTİ ÇƏTİN VAXTLARINI KEÇİRİR”

Sentyabrın 26-dan oktyabrın 7-dək Varşavada ATƏT üzvü olan ölkələrin hökumət, QHT, KİV, siyasi partiya təmsilçilərinin iştirakı ilə insan ölçüsü üzrə müşavirə keçirilib.

Azərbaycanı böyük nümayəndə heyəti, o cümlədən ölkənin Avropa Məhkəməsindəki nümayəndəsi təmsil edib.

Vətəndaş cəmiyyətinin nümayəndələri sırasında Hüquqi Maarifləndirmə Cəmiyyətinin prezidenti İntiqam Əliyev də olub. O, Turan-a müsahibəsində forumun nəticələrindən danışıb.

Sual: Müşavirə iştirakçıları əsasən hansı mövzuları müzakirə ediblər?

Cavab: 17 işgüzar iclas keçirilib. İclaslarda əsas hüquq və azadlıqlar, hüququn aliliyi, fikir, KİV və informasiya azadlığı; düşüncə, vicdan, din və etiqad azadlığı; toplaşma və assosiasiya azadlığı; milli hüquq-müdafiə müəssisələri; hakimlərin müstəqilliyi və ədalətli məhkəmə hüququ; demokratik seçkilər və s. mövzular müzakirə olunub.

Mən üç işgüzar iclasda iştirak etdim. İclasda söz, toplaşma azadlığı sahəsində vəziyyət, insan haqlarının qorunmasında milli hüquq-müdafiə müəssisələrinin və vətəndaş cəmiyyətinin rolu müzakirə olunub. Mən və həmkarlarım Fuad Həsənovla Rəsul Cəfərov iclasların hər birində çıxış ediblər.

Biz demokratiya problemləri, insan hüquqları və hüququn aliliyi, vətəndaş cəmiyyətinə qarşı repressiyalar, siyasi partiyalar, KİV və QHT, hüquq müdafiəçiləri, vəkillər, beynəlxalq təşkilatlara qarşı repressiyalardan danışdıq. Mülkiyyət sahəsindəki qanunsuzluqları müzakirə etdik.

Bizim ölkənin vətəndaş cəmiyyəti çətin vaxtlar keçirir. Son vaxtlar hakimiyyətin siyasəti insan haqları üzrə müstəqil milli institutlarının məhvinə yönəlib. Müxalifət formal olaraq mövcuddur, faktiki olaraq yoxdur.

Əsas müxalifət partiyaları maliyyə mənbələrindən məhrum edilib (məhkəmə qaydasında aparıcı partiyaların ofisləri əllərindən alınıb), partiya fəalları müntəzəm təqiblərə məruz qalır, onların fəaliyyəti üçün normal hüquqi meydan yoxdur.

Ölkədə faktiki olaraq birpartiyalı siyasi sistem müəyyən edilib, müstəqil TV yoxdur.

Yalnız bir neçə müstəqil və müxalifət qəzeti qalıb ki, onların da ictimai rəyə təsiri minimuma endirilib. Vətəndaşların toplaşma hüququ uzun illərdir ki, pozulur. 2005-ci il parlament seçkilərindən sonra hakimiyyət faktiki olaraq vətəndaşların toplaşma yolu ilə hökumətin siyasətindən narazılığını ifadə etmək hüququna veto qoyub.

Təkcə siyasi partiyaların deyil, jurnalistlər, tələbələr, hüquqşünaslar, sahibkarlar, sıravi vətəndaşların çıxışlarına yol verilmir. Öz hüquqlarını reallaşdırmağa cəhd göstərənləri həbs cəzası gözləyir.

Sual: Sizin çıxışa reaksiya necə oldu?

Cavab: Bizim hər çıxışımızdan sonra Azərbaycan hakimiyyətinin nümayəndələri söz alaraq bizim dediklərimizi inkar edirdilər və bunu yalan, qrant almaq cəhdləri adlandırırdılar. Bəzən bu cür bəyanatlar absurd xarakter alırdı. Məsələn, onlar Bakının mərkəzində toplaşmaların keçirilməsindən imtina olunmasını onunla izah edirdilər ki, Bakıda yolların, körpülərin və digər qurğuların miqyaslı inşası gedir, kütləvi tədbirlər dövlət orqanlarına çətinlik yaradır və ictimai asayişi pozur.

Bu arqumentlər iştirakçıların bir çoxunda anlaşılmazlıq doğurub. Odur ki, həmin fikirlərlə bağlı rəy bildirmək lazım gəlib. Yolların, körpülərin inşası vətəndaşların öz fundamental hüquqlarını reallaşdıra bilməsi üçün əngəl ola bilməz. Körpülər, yollar, otel və muzeylər vacibdir, lakin toplaşma hüququnun reallaşması, o cümlədən piket, mitinq, etiraz yürüşü formasında reallaşması cəmiyyətə etiraz etmək hüququ verir. Məsələn, həmin körpülərdən hər birinin və ya həmin yolların hər kilometrinin Almaniya və Yaponiyada olduğundan dəfələrlə baha başa gəldiyinə etiraz etmək hüququ verir.

Etirazların əsas məqsədi hökuməti narahat etmək, cəmiyyəti həyəcanlandırmaqdır ki, adekvat reaksiya olsun ki, hakimiyyət az oğurlasın, tənqidi məqalələrə görə jurnalistləri həbs etməsin, necə ki, bu, Eynulla Fətullayev, Mirzə Sakit, Qənimət Zahid və başqaları ilə baş vermişdi. Cabbar Savalanlı, Tural Abbaslı, Bəxtiyar Hacıyev və başqaları kimi hakimiyyətin opponentləri və fəallar polis şöbələrində və həbsxanalarda işgəncəyə məruz qalmasınlar. Hüquq müdafiəçisi Leyla Yunusun və minlərlə digəri ilə baş verdiyi kimi, adamların evlərini başlarına uçurmasınlar.

Şəhər ətrafında, dağılmış stadionlarda piket, mitinq, toplantı çətin ki hökuməti narahat etsin.

Hakimiyyət vətəndaşların fəallığından qorxur, çünki öz legitimliyinə əmin deyil. O bilir ki, cəmiyyətə azadlıq versə, bu, hakimiyyətin sonu olacaq.

Sual: Hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında əməkdaşlıqdan danışmaq olarmı?

Cavab: Təəssüf ki, bizim ölkədə real əməkdaşlıq imitasiya ilə əvəz olunur.

Hakimiyyətin dialoq və əməkdaşlıq üçün siyasi iradəsi yoxdur. Biz beynəlxalq təşkilatların ölkədəki real vəziyyəti çox zaman anlamadıqlarının şahidi oluruq. Nəticədə demokratiyanın inkişafı, yoxsulluğun aradan qaldırılması, məhkəmə-hüquqi islahatların aparılması və digər istiqamətlərə ayrılan vəsaitlər gözlənilən effekti vermir, qarşıya qoyulan məqsədlərə çatmaq olmur.

Sual: Son vaxtlar beynəlxalq təşkilatların ölkəmizə qarşı fəallığı artır. Sizcə, bu nə ilə bağlıdır?

Cavab: Təəssüf ki, MDB məkanında elə vəziyyət yaranıb ki, vətəndaş sektoru 7-10 il bundan əvvəl malik olduğu beynəlxalq dəstəyi itirib. Yadımda deyil, ATƏT, Avropa Şurası, BMT və digər təşkilatlar hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə hansısa mühüm tədbir keçirsinlər.

Son illər görürük ki, bu təşkilatlar hökumətin öz öhdəliklərini yerinə yetirməmək istəyinin qarşısında təslim olurlar. Uzun zaman beynəlxalq təşkilatlar ümid edirdilər ki, hökuməti islahatlara təşviq edə biləcəklər. Lakin nəhayət, başa düşdülər ki, Azərbaycan hökuməti siyasi iradəsi olmadığına görə islahatlara getmir.

Lakin son vaxtlar Azərbaycan hakimiyyətinin öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı beynəlxalq təşkilatların tələbləri daha təkidli olur. Avtoritar rejimlərin bütün dünyada sabitliyə və təhlükəsizliyə ciddi təhlükə olması demokratik birliyi həmin ölkələrə münasibətdə siyasətə yenidən baxmağa vadar edir.


Geri qayıt