Əsas Səhifə > Siyasət, Manşet > FƏRHAD ƏLİYEVİN 100 MİLYON MANATI

FƏRHAD ƏLİYEVİN 100 MİLYON MANATI


23-03-2012, 15:21
FƏRHAD ƏLİYEVİN 100 MİLYON MANATI

HAKİMİYYƏT ELÇİSİ SABİQ NAZİRDƏN MƏHBƏSDƏ NƏLƏRİ İSTƏYİB?

DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Sabiq nazirə yaxın çevrələrdən daxil olan informasiyaya görə, Fərhad Əliyevlə YAP iqtidarı arasında danışıqlar davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl Fərhad Əliyevə məxsus bəzi müəssisələr Bakı Fond Birjasında simvolik qiymətlə əl dəyişdirdi. Və bu xəbərin ardından belə bir məlumat yayıldı ki, Fərhad Əliyev qardaşının azadlığa buraxılması üçün belə bir addımı atmalı olub. Bildirildi ki, sabiq nazirin qardaşı, «Azpetrol» Neft Şirkətinin keçmiş prezidenti Rafiq Əliyev Novruz bayramı ərfəsində veriləcək əfv fərmanı ilə azadlığa buraxılacaq.

Lakin əfv fərmanı verilsə də, bu yöndə heç bir yenilənmə baş vermədi. Məlumatlı dairələr bildirir ki, Fərhad Əliyevə qardaşının 10 May = mərhum prezident Heydər Əiyevin doğum günü ilə bağlı imzalanacaq amnistiya aktı ilə azad olunacağı haqda vəd verilib.

DİA.AZ-a daxil olan son məlumatlarda isə bildirilir ki, Fərhad Əliyevi saxlanıldığı cəzaçəkmə müəssisəsində bu günlərdə Prezident Administrasiyasının yüksək çinli məmurlarından biri ziyarət edib. Mənbəmizin sözlərinə görə, hətta keçmiş naziri ziyarət edən hakimiyyət elçisi ona bayram sovqatı da gətirib.

Mənbəmizin söylədikləri: «Görüşdə məqsəd hələ də Fərhad Əliyevə məxsus bank hesablarında saxlanılan 100 milyon manatla bağlı aydınlaşma olub. Hakimiyyət həmin vəsaiti sabiq nazirdən tələb etsə də, Fərhad Əliyev özəlləşdirmə prosesi zamanı əldə etdiyi bu pulları ödəmək fikrində deyil».

Xatırladaq ki, 2007-ci ildə barəsində qurulan məhkəmə istintaqı zamanı da Fərhad Əliyev etiraf edərək bildirmişdi ki, ondan Milli Təhlükəsizlik Nazirliyində saxlanılarkən hakimiyyət nümayəndələri azadlığının müqabilində 100 milyon manat istəyiblər. İndi də həmin mübahisə predmetinin aktual olduğu bildirilir.

Mənbəmizə görə, Fərhad Əliyev yenə də israrla bu qədər pula malik olmadığını söyləsə də, ona həmin pulların saxlanıldığı konkret bank hesablarının siyahısı təqdim edilib: «Bundan sonra keçmiş nazir fikirləşməsi üçün vaxt istəyib».

Onu da xatırladaq ki, həmin pul məsələsinə Rafiq Əliyev də zamanında münasibət bildirmişdi və məhkəmə istintaqı zamanı «Azpetrol»un sabiq şefi açıq şəkildə bəyan etmişdi ki, əgər onun bu qədər pulu olarsa, hansısa bankda saxlamazdı, doğulub-böyüdüyü kənddə torpağa basdırardı. İndi isə Əliyev qardaşlarının bu həcmdə pula malik olmasının artıq sübut olunduğu söylənilir…

Geri qayıt