Əsas Səhifə > Gündəm, Manşet > ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”
ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”23-03-2012, 15:04 |
ARDNŞ-DƏ CƏRƏYAN EDƏN MÜDHİŞ KORRUPSİYA FAKTININ TƏFƏRRÜATLARI DİA.AZ: - Azərbaycan hakimiyyəti korrupsiya və rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaratmaqda davam edir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dövlət başçısı Ilham Əliyevin adından Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirəndən sonra dövlət qurumlarının rəhbərləri korrupsiya və rüşvətxorluğu “lənətləmək” üçün növbəyə düzülüblər. Hətta onlardan bəziləri irimiqyaslı korrupsiya əməllərini ört-basdır etmək üçün xırda çinovnikləri qurban da veriblər. Sanki Azərbaycanda korrupsiyanın başında işdən çıxarılan, yaxud məsuliyyətə cəlb olunan hansısa beşinci, altıncı dərəcəli məmur dayanır. Əgər hakimiyyət doğrudan da, korrupsiyaya qarşı mübarizədə səmimidirsə, onda bu yazını diqqətlə oxusun və həmən, qeyd edəcəyimiz faktların araşdırılması barədə göstəriş verilsin. Bu faktlar maye qaz satışındakı korrupsiya əməliyyatları ilə bağlıdır. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hər il maye qaz satışı zamanı 20 milyon manata yaxın vəsait mənimsənilir. Məlumatlarda bildirilir ki, Azərbaycanda maye qaz satışını Məişət Maye Qaz Birliyi həyata keçirir. Birliyin rəhbəri Rasim Salmanovdur. Bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevə yaxınlığı ilə seçilir. Birlik maye qazı iki zavoddan - Qaradağ Qaz Emalı Zavodu və Heydər Əliyev adına Neft Emalı zavodundan alır. Əmlak Məsələləri üzrə Komitənin balansında olan Məişət Maye Qaz Birliyi əslində Rövnəq Abdullayev üçün maye qaz satışında korrupsiya əməliyyatlarını həyata keçirən əsas qurumdur. Bu ilin yanvarın 1-nə qədər birlik satış mərkəzlərinə maye qazın 1 tonunu 370 manata satıb. Amma bu məbləğ 240 manat rəsmiləşdirilib. Deməli, satış mərkəzlərindən hər tona görə 130 manat əlavə haqq alınıb. Hansısa səbəbdən Rövnəq Abdullayev yanvarın 1-dən sonra əlavə haqqı 10 manat azaldıb. Əvəzində rəsmiləşdirilən məbləğ 10 manat artıb. Yəni, indi də maye qaz 370 manata satılır, lakin bu məbləğ 250 manat kimi rəsmiləşdirilir. Bəs Məişət Maye Qaz Birliyi zavodlardan maye qazın 1 tonunu neçəyə alır? Məlumatlara görə, birlik 1 ton maye qaz üçün 100 manat ödəyir. Məlumatlarda deyilir ki, ölkə daxilində 1 il ərzində 150 min ton maye qaz satılır. Nəzərə alsaq ki, hər tona görə satış mərkəzlərindən 120 manat əlavə haqq alınır, bu, bir ilə 18 milyon manat edir. Burada bir incə məqam da var: Birlik zavodlardan maye qazı kiloqramla alır. 1 kq maye qaza görə 10 qəpik ödənilir. Əgər maye qazın tonu 370 manata (250 manat rəsmi qiymət, 120 manat əlavə haqq) satılırsa, deməli, bir kiloqramı 37 (25 qəpik rəsmi qiymət, 12 qəpik isə əlavə haqq) qəpiyə düşür. Əziz oxucular, o cümlədən korrupsiyaya qarşı “savaş” açan Ilham Əliyev və Ramiz Mehdiyev, maye qaz satışı mərkəzlərində 1 litr maye qazın 35 qəpiyə satıldığını görüb təəccüblənməyin ki, nə üçün işbazlar aldıqları məhsulu 2 qəpik ziyanına satırlar. Burada hər hansı ziyandan söhbət gedə bilməz. Çünki 1 kiloqram maye qaz 1.7 litr təşkil edir. Maye qazın 1.7 litri 37 qəpikdirsə, 1 litri təxminən 21 qəpiyə düşür. Işbazlar da maye qazın 1 litrini 35 qəpiyə sataraq nəinki ziyan edirlər, əksinə 14 qəpik qazanırlar. Yuxarıda qeyd etdik ki, Məişət Maye Qaz Birliyi maye qazı Qaradağ Maye Qaz Emalı və Heydər Əliyev adına Neft Emalı zavodlarından alır. Hələ sovetlər dönəmində əhalini maye qazla Qaradağ Maye Qaz Emalı zavodunun təmin etməsi məqsədəuyğun sayılıb. Çünki bu zavodda emal olunan qaz mədən qazıdır və zəhərlənmə riski azdır. Amma Heydər Əliyev adına Neft Emalı Zavodunun satdığı qaz neftdən alınır və bu qazın əhaliyə satılması yolverilməz hesab edilir. Əlbəttə ki, keyfiyyətinin aşağı, zəhərlənmə riskinin isə daha çox olmasına görə. Dəhşətli burasıdır ki, bu gün Azərbaycanda əhaliyə məhz Heydər Əliyev adına Neft Emalı zavodunun istehsal etdiyi maye qaz satılır. Daha keyfiyyətli və zəhərlənmə riski minimum olan Qaradağ Maye Qaz Emalı Zavodunun istehsal etdiyi qaz isə Gürcüstan vasitəsilə xarici ölkələrə daşınır. Hələlik həmin ölkələrin siyahısı bizdə yoxdur. Lakin araşdırmalarımızı davam etdirib Rövnəq Abdullayevin daha keyfiyyətli maye qazı hansı ölkələrə satdığını öyrənməyə çalışacağıq... Sonda daha bir fakt: Qəbul olunmuş standartlara görə əhaliyə satınla maye qazın tərkibində 40-45 faiz propan, 55-60 faiz isə butan olmalıdır. Amma hazırda əhaliyə satılan maye qazın tərkibində propan 5-10 faiz təşkil edir. Bu da əhaliyə satılan maye qazın keyfiyyətsiz olmasını bir daha sübut edir. Geri qayıt |