Əsas Səhifə > Siyasət, Manşet > HAKİM MƏTBU SİYASƏT İFLASA UĞRAYIB
HAKİM MƏTBU SİYASƏT İFLASA UĞRAYIB23-03-2012, 12:56 |
BU SƏBƏBDƏN PA-NIN ŞÖBƏ MÜDİRİ ƏLİ HƏSƏNOVUN DURUMU AĞIRLAŞIB DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyət neçə illərdir mətbuatla bağlı siyasətinə çox ciddi pullar xərcləməkdədir. Bir yandan yeni qəzetlər açılır, digər yandan da müxalif qəzetlərin, müstəqil və müxalif fikirli yazarların nəzarət altına alınması üçün çox ciddi vəsaitlər sərf olunur. Amma bütün bu çabalara rəğmən yenə də bu gün ən çox oxunaqlı olan müxalifət mətbuatıdır. Bu isə əslində iqtidar düşərgəsinin məlum siyasətinin iflası kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, neçə illərdir müxalif mətbuat hakimiyyətə əks qütbdə dayanan siyasi qüvvələrin sonuncu qalası hesab olunur. Yəni bir qəzetin gücü ilə bu gün ümummüxalifət düşərgəsi hakim komandanın qarşısında nəinki duruş gətirir hətta məhdud təbliğat imkanları ilə həm siyasətini davam etdirir və həm də sıralarını genişləndirir. DİA.AZ-a etibarlı mənbələrdən ötürülən məlumatlardan aydın olur ki, artıq mövcud situasiya YAP iqtidarını da narahat etməkdədir. Xatırladaq ki, hakim düşərgənin mətbuatla bağlı siyasətinə görə məsul şəxs Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur. Bu gün administrativ rıçaqlar hesabına mətbuatda çox ciddi şəkildə möhkəmlənməyə müvəffəq olmuş Əli Həsənovun əlində telekanallarla yanaşı, həta qəzetlərin oxucuya çatdırılmasında yeganə vasitə hesab olunan yayım firmaları da mövcuddur ki, bu yolla PA rəsmisi hətta müxalif və müstəqil qəzetlərə qarşı da müəyyən təzyiq imkanları əldə etməyə müvəffəq olub. Hətta belə bir şəraitdə belə Əli Həsənovun mətbuat adına sildiyi milyonların səmərəsizliyi rəsmi Bakını düşünməyə vadar edib. Mənbəmiz iddia edir ki, gələn həftə Prezident Administrasiyasında hakimiyyətin mətbu siyasətinin ciddi şəkildə müzakirəsi gözlənilir: «Hətta ola bilsin ki, bu müzakirələrin sonucu olaraq Əli Həsənovun media imperatorluğuna son qoyulsun. Çünki onunla bağlı hətta rəsmi mətbuatdan da kifayət qədər şikayətlər birbaşa olaraq «yuxarılara» ünvanlanıb». Qeyd edək ki, konkret olaraq Prezident Administrasiyasının rəsmi orqanı olan «Respublika» qəzetinin rəhbərliyi bu gün Əli Həsənovun əsas hədəflərindən biridir. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, qəzetin baş redaktoru ilə ədavəti səbəbindən Əli Həsənov digər rəsmi orqanlara göstərilən xüsusi diqqəti «Respublika»nın redaksiyasına yönəltmir ki, bu da haqlı narazılıqlara səbəb olub. Bundan əlavə, Əli Həsənov uzun müddət «Şəkinin səsi» və «İpəkçi» qəzetlərinin mərhum baş redaktoru ilə də şəxsi zəmində ədavətdə olub. Bu və digər bu kimi faktların Əli Həsənovun əleyhinə işlədiyini bildirən mənbəmiz eyni zamanda hakimiyyətə yaxın olan mətbuatda da ciddi boşluqların hökm sürməsi səbəbindən PA rəsmisinin çətin anlar yaşadığını bildirən qaynaq ida edir ki, gələn həftəki müzakirələrdə mətbuatın kuratorluğuna yenidən baxılacaq. Geri qayıt |