Əsas Səhifə > Gündəm, Manşet > HANSI İCRA BAŞÇISI YOL ÜSTÜNDƏDİR?

HANSI İCRA BAŞÇISI YOL ÜSTÜNDƏDİR?


23-03-2012, 12:23
HANSI İCRA BAŞÇISI YOL ÜSTÜNDƏDİR?

BƏYLƏR ƏYYUBOVLA RAMİZ MEHDİYEVƏ YAXIN BAŞÇILAR HƏDƏFDƏ

DİA.AZ: - «Nəhayət islahat qərarı verilib. Və yaxın günlərdə bir neçə rayonunun icra başçısı görəvindən alınacaq». Bu barədə məlumatı redaksiyamıza hökumət içindəki mötəbər qaynaqlar ötürüb. Mənbənin DİA.AZ-a bildirdiklərindən belə məlum olur ki, 9 rayonunun icra başçısının əmri hazırdır və onların yerinə təyin ediləcək şəxslərlə bağlı müəyyən dəqiqləşdirmələr həyata keçirilir.

«Hansı rayonların rəhbərləri dəyişəcək» sualımızın cavabında mənbəmiz bildirdi ki, ilk olaraq Bakının rayonlarında kadr islahatlarının həyata keçirilməsi planlaşdırılır: «Nərimanov, Xətai, Binəqədi və Nizami rayonlarının icra başçıları görəvlərindən alınacaq. Məlumdur ki, onların arasında olan Xati rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovla bağlı fərqli fikirlər var və hətta onun barəsində hüquqi işləmlər də həyata keçirilə bilər».

Xatırladaq ki, Razim Məmmədovun adı günü bu gün də etiraz aksiyaları ilə müşaiyət olunan «GEN» MMC ilə bağlı qalmaqalda hallandırılır. Belə ki, RİH başçısı sözügedən şirkətin rəhbərliyi ilə ortaq hərəkət edərək təxminən 500 min manata yaxın əsaiti mənimsəməkdə ittiham edilir. Bu ittihamı isə əmlak hüququ pozulmuş «GEN» MMC «qurbanları» bir neçə dəfə hətta mətbuat qarşısında da səsləndiriblər.

Bu günlərdə mətbuatda yer alan məlumatların birində isə deyilirdi ki, birbaşa olaraq dövlət başçısı İlham Əliyev sözügedən şirkətlə bağlı yaranmış problemin aradan qaldırılması üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərovu təlimatlandırıb. FHN şefi də öz növbəsində işi araşdırıb və öyrənib ki, prosesdə adı hallandırılan Razim Məmmədov heç də təsadüfi hədəf deyil və sakinlərin aldadılması zamanı əldə olunan vəsaitin əhəmiyyətli hissəsi başçıya çatıb. Bundan sonra Razim Məmmədov FHN şefinin qəbuluna çağrılıb.

Məlumatlarda o da bildirilirdi ki, Kəmaləddin Heydərovun Xətainin başçısına «sakinlərlə bağlı problemləri həll et» deməsinə baxmayaraq, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsi altında olan Razim Məmmədov naziri eşitməyib və günü bu gün də «GEN» MMC-nin fırıldaq yolu ilə pullarını mənimsədiyi sakinlərin tələbləri yerinə yetirilməmiş qalır. Bunun da nəticəsidir ki, həmin sakinlər artıq hər həftə Prezident Administrasiyasının qarşısında aksiya keçirmə qərarını veriblər.

Məlumatlara görə, Kəmaləddin Heydərovun sözünü yerə salma cəsarətini nümayiş etdirən Razim Məmmədovun «torbası artıq tikilib». Bu barədə mənbəmiz bildirir ki, onunla yanaşı paytaxtın daha üç icra başçısı də vəzifələrindən azad ediləcək.

Əyalət rayonlarının 5-ində də rəhbər dəyişikliyinin planlaşdırıldığını bildirən mənbəmizə görə, ilk əvvəl Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin görəvindən alınması planlaşdırılır: «Məlumdur ki, onunla bağlı da «yuxarılara yetərincə siqnallar ötürülüb. Vilyam Hacıyevi isə Bəylər Əyyubov himayə etdiyindən, hətta onun bəzi şıltaqlıqlarına da bu günə kimi göz yumulub. Amma artıq məsələlər tamam fərqli müstəviyə qədər inkişaf etdiyindən Samuxun başçısını Bəylər Əyyubovun da müdafiə etməsi imkansız hala düşüb».

Yalnız Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin başqa bir rayona - çox güman ki, Bakının rayonlarının birinə transfer olunmaqla görəvindən azad ediləcəyini bildirən mənbəmiz bildirdi ki, Tovuzun, Neftçalanın (yeni olmasına baxmayaraq, artıq adı «qara siyahı»dadır -red.) və Şəmkirin də icra başçıları tutduqları vəzifələrindən azad olunacaqlar.

Mənbəmizə görə, bütün bu dəyişikliklər aprl ayının ilk ongünlüyündən etibarən icra olunacaq: «Doğrudur, bəzilərinin karyera ömrü «Avroviziya» yarışmasından sonraya qədər də uzana bilər. Amma adları çəkilənlərlə bağlı qəti qərar verilib və hətta onların yerlərinə təyin ediləcək şəxslərin kimlikləri də müəyyənləşib».

Mövzu diqqətimizdədir…


Geri qayıt