Əsas Səhifə > Hadisə, Manşet > ARTUR RƏSİZADƏDƏN ABUTALIBOVADƏK...

ARTUR RƏSİZADƏDƏN ABUTALIBOVADƏK...


22-03-2012, 15:49
ARTUR RƏSİZADƏDƏN ABUTALIBOVADƏK...

HAKİM DÜŞƏRGƏ "BÖYÜK ƏLƏMƏ" KAMPANİYASINA TƏDARÜK GÖRÜR

DİA.AZ: - Son günlər ölkədə aparılan antikorrupsiya tədbirləri çərçivəsində irili-xırdalı bir sıra məmurların cəzalandırılması, işdən azad olunması müşahidə olunur. Bütün bunlara baxmayaraq, antikorrupsiya tədbirlərinə münasibət cəmiyyətdə birmənalı deyil. Məsələn, bəziləri zənn edirlər ki, bu tip tədbirlər rüşvətxorluğun tam olaraq aradan qaldırılmasına yardımçı olmayacaq. Bəziləri isə hesab edirlər ki, antikorrupsiya tədbiri uzunömürlü deyil, sadəcə olaraq, bəzi beynəlxalq donor təşkilatların layihəsidir.

Hələ ötən ildən ekspertlər Azərbaycanda prezident seçkiləri öncəsi dövrü şərh edərək, maraqlı mülahizələr irəli sürmüşdülər. O zaman bildirilirdi ki, 2012-ci ilin ortalarından etibarən bir çox məmurlar yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırıla bilərlər. Hakimiyyətdaxilində son baş verənlərin təhlili deyilənlərin həqiqət olduğunu göstərir. Odur ki, bugünkü mövcud situasiyanı nəzərə alaraq, yaxın vaxtlarda iqtidarın hansı məmurlarla vidalaşa biləcəyini təhlil etmək və bununla bağlı əldə etdiyimiz məlumatlar daha çox maraq doğurur.

DİA.AZ bildirir ki, bu sırada ilk diqqəti çəkən isə ölkənin ikinci şəxsi olan Baş Nazirdir. Təqaüd yaşı çoxdan keçmiş Artur Rəsizadənin son günlər ölkədə aparılan antikorrupsiya tədbirlərinin yekununda istirahətə göndəriləcəyi şübhə doğurmur. Onun hələ bir müddət əvvəl dəyişiləcəyi iddia olunurdu. Lakin son anda göstərdiyi xidmətlər nəzərə alınaraq, Artur Rəsizadənin daha bir müddət ölkənin ikinci şəxsi postunda qalmasına imkan yaradıldı. Artıq baş nazir olmağa iddialıların artdığını və onların Artur Rəsizadədən çox güclü olduqlarını nəzərə alsaq, "kadr islahatı" tədbirlərinin sonunda yeni baş nazir təyinatının olacağı şübhə doğurmaz.

Ekspertlərin mülahizələrinə görə, yeni baş nazirin də Rəsizadə kimi heç bir siyasi çəkisi olmayan, ciddi iddialara düşməyən şəxs olacağı gözləniləndir. Bu baxımdan, bu yerə iddialılar arasında daha çox iqtisadi inkişaf naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifov şanslı görünür. Onların siyasi çəkilərinin o qədər də böyük olmaması və sürətli yüksəlişlərini təmin edən dayaqlarının mövcudluğu belə deməyə əsas verir. Bununla belə, yeni baş nazirin tamamilə gözlənilməz şəxsin olması da mümkündür.

Bu arada, baş nazirin müavinlərində dəyişiklik olacağı az ehtimal edilir. Odur ki, yeni baş nazirin kimin təyin olunmasından asılı olmayaraq, birinci müavin Yaqub Eyyubovun, müavinlər Abid Şərifov və Elçin Əfəndiyevin əvəzlənəcəyi gözlənilmir. Müavinlərdən yalnız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dəyişiləcəyilə bağlı son vaxtlar müxtəlif məlumatlar səsləndirilir.

Hakimiyyətin yeni komandasında yeri görünməyən nazirlərdən biri də səhiyyə naziri Oqtay Şirəliyevdir. Bununla bağlı məlumat verən mənbənin sözlərinə görə, səhiyyə sistemində son dövrlər cərəyan edən proseslər sonda nazir Oqtay Şirəliyevin istefaya göndərilməsinə səbəb ola bilər. Hələ ötən ilin dekabr ayında bununla bağlı mətbuatda müxtəlif səpkili xəbərlər yayılmışdı. Bildirilirdi ki, Oqtay Şirəliyev səhiyyə sektorunda baş alıb gedən rüşvət və korrupsiya burulğanına görə ölkə başçısının qəzəbinə tuş gəlib.

Dəyişdiriləcəyi gözlənilən məmurlar sırasında uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı postunda əyləşən Hacıbala Abutalıbovun da adı hallanır. Bu günədək ayrı-ayrı vaxtlarda merin mövqelərinin bir neçə dəfə ciddi surətdə laxladığı çoxlarına məlumdur. O da bəllidir ki, bir neçə il əvvəl "mən boğaza qədər rüşvət adlı çirkaba bulaşmışam" etirafında bulunan Bakı meri bağışlanmasının mükafatı olaraq bu gün də öz postundadır. İndi isə artıq limitlərin bitdiyi nöqtədir. Ehtimal olunur ki, "Eurovision-2012"-dən sonra Abutalıbovla hakimiyyətin yolları ayrılsın. Hər halda, bütün bunların sonda nə ilə nəticələnəcəyini daha dəqiq bilməkdən ötrü bir qədər gözləmək və hadisələrin gedişatını izləməklə yanaşı, onları məntiqlə şərh etmək gərəkdir...


Geri qayıt