Əsas Səhifə > Gündəm, Manşet > QUBA ÜSYANININ “GÜNAHKARI” TAPILDI
QUBA ÜSYANININ “GÜNAHKARI” TAPILDI22-03-2012, 15:13 |
“XƏYAL” TELEVİZİYASININ BAŞ DİREKTORUNA İTTİHAM İRƏLİ SÜRÜLÜB Son günlər ərzində Quba hadisələri ilə bağlı saxlanılan 6 jurnalistdən 2-si azad buraxılıb. Bunlar “Poliqon” İnformasiya Agentliyinin bölgə müxbiri Cəmil Məmmədli və “Xəyal” televiziyasının montajçısı İslam Aslanovdur. Mediada adı saxlanılanlar sırasında çəkilən “Xəyal” televiziyasının texniki direktoru Vahid İbrahimov isə Turana istintaq tərəfindən saxlanmadığını deyib. “Mən özüm Bakıya müalicə üçün getmişdim. Bu səbəbdən işə çıxmadığımdan elə biliblər ki, mən də saxlanmışam. Mən ümumiyyətlə saxlanmamışam”, - deyə o qeyd edib. “Poliqon” İnformasiya Agentliyinin müxbiri Cəmil Məmmədli saxlandığını təsdiq edib. “Məni əvvəlcə Quba rayon prokurorluğuna gətirdilər. Bir gün rayon polis şöbəsində saxladılar və Bakıya aparıb Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində izahat alıb, azad buraxdılar. İstintaq www.yotube.com saytında Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun çıxışını yerləşdirən və montaj edən şəxslə maraqlanırdı”. Beləliklə, hazırda üç jurnalist həbsdədir. Bunlar “Xəyal” televiziyasının baş direktoru, “Trend” Agentliyinin bölgə müxbiri Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və reklam üzrə menecer Zaur Mustafayevdir. Hüquq mühafizə orqanlarındakı mənbələrdən Turana bəlli olub ki, hər üç jurnalistə qarşı ittiham irəli sürülüb. Baş direktor Zaur Quliyevin vəkili Səfər Hüseynov Turana bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib. “Məhkəmədə istintaq tərəfi bildirib ki, guya Quba rayon icra hakimiyyəti başçısının çıxışının montajında ardıcıllıq pozulub və çıxışdakı qeyri-etik ifadə aydın hiss edilib. Amma, çıxış icra başçısınındır. İstintaq bu barədə göstərişi kimin verməsi ilə maraqlanır. Baş direktor isə bildirib ki, həmin tədbirə operator göndərib. Lakin sonra montajı kimin etməsi ilə maraqlanmayıb və özü də montaj etməyib”, - deyə vəkil qeyd edib. Maraqlıdır ki, istintaq orqanları yalnız Quba olayı, yəni martın 1-də baş verən hadisələri araşdırır. Amma, hadisəni doğuran səbəblər barədə, icra hakimiyyəti başçısının və digər vəzifəli şəxslərin sakinlərin etirazına səbəb olan davranışı, daşınan və daşınmaz əmlakının mənbələri, qazanc yerləri ilə bağlı araşdırma aparılıb-aparılmaması isə məlum deyil. Geri qayıt |