Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENT ADMİNİSTRASİYASI İSLAHAT HƏDƏFİNDƏ

PREZİDENT ADMİNİSTRASİYASI İSLAHAT HƏDƏFİNDƏ


22-03-2012, 12:09
PREZİDENT ADMİNİSTRASİYASI İSLAHAT HƏDƏFİNDƏ

HAKİM KOMANDA KADR YENİLƏNMƏSİNƏ PA-DAN BAŞLAMAQ FİKRİNDƏDİR

DİA.AZ: - Çoxdandır hakim düşərgədə kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı fikirlər səslənsə də, bu yöndə elə də ciddi yenilənmələr müşahidə olunmur ona görə də bir çoxları rəsmi Bakının nümayiş etdirdiyi məlum təzahürü daha çox islahatlardan ehtiyatlanma kimi dəyərləndirir. Yəni belə bir fikir var ki, hələ də köhnə komandanın çiyinləri üzərində dayanan YAP iqtidarı hansısa iri oliqarx-məmurun görəvindən alınması səbəbinbən çox ciddi şəkildə zərbə ala bilər.

Əslində bu fikirdə yetərincə haqlı məqamlar var. Birincisi, bu gün oliqarx-məmurlar siyasi proseslərə olduğu kimi, həm də ölkə iqtisadiyyatında da ciddi təsir imkanlarına malikdirlər. Bu gün hər bir iri məmur eyni zamanda böyük bir şirkət sahibidir. Ərzaqdan tutmuş istənilən bir sahəyəcən bütün iqtisadi rıçaqlar məmurlar arasında paylaşdırıldığından, onların hansısa birisinin «incidilməsi» problemlər yarada bilər. Elə buna görə də «radikal islahatlar hakimiyyətin ömrünü azalda bilər» fikrini irəli sürən ekspertlərə haqq qazandırmamaq mümkün deyil.

Digər tərəfdən, bu gün oliqarx-məmurların özləri də aralarında qruplaşmalara parçalanıblar. Yəni bu da onlarla bağlı hansısa ölçünün götürülməsini əngəlləyən başlıca faktorlardan biri kimi dəyərləndirilir. Yəni hansısa birinin hədəfə alınması bütün qruplaşmanın müdafiə olunması ilə nəticələnə bilər ki, bu da ümumiqtidar maraqlarının zərbə altında qalmasına gətirib çıxaracaq. Elə bu səbəb də kardinal islahatların əngəllənməsi nədənlərindən biri kimi dəyərləndirilir.

Amma buna baxmayaraq, rəsmi Bakı islahatlara getmək zorundadır. DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən ötürülən informasiyalar da təsdiqləyir ki, may ayından sonra hakim komandada ciddi slkələnmə yaşanacaq. Mənbəmiz iddia edir ki, ilk dəyişiklik hədəflərindən biri isə Prezident Administrasiyasıdır.

Xatırladaq ki, bu quruma rəhbərlik edən Ramiz Mehdiyevin özünün də gedişi ilə bağlı müəyyən informasiyalar var. Amma Mehdiyevin bugünkü hakimiyyətin siyasətinin müəyyənləşməsində və ölkənin idarə edilməsində müstəsna rolunun olması bu dəyişikliyi günbəgün yubatmaqdadır.

Mənbəmiz isə bildirir ki, amma bunə rəğmən PA-da kadr islahatları həyata keçiriləcək. Məlumatlı qaynağın iddia etdikləri: «Yuxarıdan da olmasa, dəyişikliklərə aşığalardan start veriləcək. Konkret olaraq iki şöbə müdirinin görəvdən alınması nəzərdə tutulub. Maraqlıdır ki, onların hər ikisi birbaşa olaraq Ramiz Mehdiyevə bağlı fiqurlar hesab olunur».

Mənbəmiz onu da bildirdi ki, sözügedən dəyişiklik may ayının sonlarına yaxın həyata keçiriləcək.

Geri qayıt