Əsas Səhifə > Hadisə, Manşet > ƏLİ BAYRAMOVUN «KORRUPSİYA İMPERIYASI»

ƏLİ BAYRAMOVUN «KORRUPSİYA İMPERIYASI»


18-03-2012, 16:21
ƏLİ BAYRAMOVUN «KORRUPSİYA İMPERIYASI»

İSMƏT ABBASOV «AQROLİZİNQ» RƏHBƏRİNİ MEYDANDA TƏK BURAXIR

DİA.AZ: - «Aqrolizinq» ASC-də baş verən misli-bərabəri olmayan korrupsiya faktlarından keçənlərdə bəhs etmişdik. Son olaraq Prezident Administrasiyasında fəaliyyət göstərən Dövlət Nəzarəti Şöbəsinin adıçəkilən qurumda apardığı hesabatda da «Aqrolizinq» ASC ilə bağlı kifayət qədər tükürpədici maxinasiya faktları yer alıb.

«Aqrolizinq»də yüz milyonlarca manatın mənimsənilməsi ilə müşahidə olunan prosesin başında birbaşa kənd təsərrüfatı naziri İsmət Abbasovla ASC sədri Əli Bayramovun dayandığı şübhəsizdir. Elə bu səbəbdən də Dövlət Nəzarəti Şöbəsinin hazırladığı və ölkə rəhbərliyinə məruzə etməsi gözlənilən hesabatın hər iki məmura baha başa gələcəyinə şübhə yoxdur. Söhbət istər cənab Abbasovun, istərsə də cənab Bayramovun təkcə öz kürsülərini deyil, həm də azadlıqlarını və yığdıqları sərvəti itirmələri ilə nəticələnə biləcək gözlənilən cəzalandırmadan gedir.

Onu da bildərək ki, adıçəkilən ASC-də korrupsiya yalnız qurumun rəhbərliyi səviyyəsində həyata keçirilməyib. Yeyinti və mənimsəmələr «Aqrolizinq»in filiallarında da adi hal alıb. Bunu əldə etdiyimiz rəqəmlər də təsdiqləyir. Məsələn, 2008-2009-cu illər üzrə qurumun Qusar və Ağcabədi rayonlarının filiallarında 123. 000 manat dövlət əmlakının mənimsənildiyi üzə çıxıb. Faktla bağlı prokurorluq orqanları dərhal hərəkətə keçib, Qusar rayon filialının o vaxtki müdiri buna görə doqquz il azadlıqdan məhrum edilib. Ağcabədi rayon filialının müdiri isə mənimsədiyi pulu dövlətə qaytardığından ona şərti cəza verilib.

Burada diqqət çəkən məqam prokurorluq strukturlarının filiallardakı korrupsiya faktlarına həssaslıq nümayiş etdirdiyi halda ASC rəhbərliyi səviyyəsində yol verilən mənimsəmələrlə bağlı hələlik hərəkətə keçməməsidir.

DİA.AZ-a daxil olan məlumatlara görə, «Aqrolizinq»in Bərdə filialının rəhbəri də bir müddət əvvəl 7 il azadlıqdan məhrum edilib. Buna səbəb isə həmin filialda nə az, nə çox, düz 160 min manat dövlət vəsaitinin mənimsənilməsinin aşkara çıxması olub. Dövlət Nəzarəti Şöbəsinin hesabatında isə «Aqrolizinq»in Saatlı, Tərtər, Kürdəmir, İmişli, Biləsuvar və başqa rayonlardakı filiallarında 4.3 milyon manatdan çox büdcə vəsaitinin mənimsənildiyi deyilir, bu faktlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparıldığı bildirilir.

Dövlət Nəzarəti Şöbəsinin haqqında danışılan hesabatında ən ilginc məqam sənədin sonluğunda ölkə rəhbərliyinə təqdim edilən arayışdır. Arayışda qeyd edilir: «Müəyyən olunmuş qanun pozuntuları Cəmiyyətin («Aqrolizinq» ASC-nin) maliyyə təsərrüfat fəaliyyətinin sənədli təftişinə və ciddi araşdırmaların aparılmasına əsas verdiyindən sənədlər Baş Prokuroluğa göndərilə bilər».

Bu arayışın Prezident Administrasiyasından hara göndərilməsi haqqında hələlik bir məlumat ala bilməmişik. Hesabatın «Aqrolizinq»ə gəlmədiyinə dair dünən özəl qaynaqlardan bilgi aldıq. Onu da öyrəndik ki, Dövlət Nəzarəti Şöbəsinin tükürpədən hesabatından sonra kənd təsərrüfatı naziri İsmət Abbasov Əli Bayramovla məsafəli davranmağa başlayıb. Nazir «Aqrolizinq» ətrafında cərəyan edən proseslərdən mümkün qədər kənarda qalmağa və Bayramovun bu prosesdə «tək qurban» olmasına çalışır. Belə ki, İ. Abbasov yaranmış situasiyanın ciddiyyətinin fərqindədir. Ona görə də nə özü, nə də ətrafı ortaya çıxan inanılmaz mənimsəmə faktları barədə bir kəlmə də danışmamaqda israrlıdır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyindən də aqrar sektora ayrılan fantastik pulların «yeyilməsi» yönündəki araşdırmaların nəticələri barədə nəsə öyrənmək mümkünsüzdür.

Mənbəmiz deyir ki, Əli Bayramov İsmət Abbasovun məsuliyyətdən kənarda qalmasını xoş qarşılamayacaq, yalnız özünün «qurbanlıq» seçildiyini görsə, açacaq sandığı, tökəcək pambığı...


Geri qayıt