Əsas Səhifə > Hadisə, Manşet > ETİBAR ƏLİYEVLƏ BAĞLI ŞOK YENİLİK

ETİBAR ƏLİYEVLƏ BAĞLI ŞOK YENİLİK


18-03-2012, 13:37
ETİBAR ƏLİYEVLƏ BAĞLI ŞOK YENİLİK

“TEXNİKABANK” ŞEFİ PEŞƏKAR DƏLƏDUZDUR, YOXSA GÜNAHSIZ GÜNAHKAR?

DİA.AZ: - Xəbər verildiyi kimi, martın 10-da Səbayel rayon Məhkəməsi «Texnikabank» Müşahidə Şurasının sədri və səhmdarı Etibar Əliyev barəsində 3 aylıq həbs-qətimkan hökmü çıxardıb. E.Əliyevi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edən məhkəmə hesab edib ki, «Texnikabank» sədrinin «işində yol verdiyi qüsurların» araşdırılmasına ehtiyac var. Məlum hökmün ardınca E.Əliyevi həbs edən Milli Təhlükəsizlik Nazirliyi (MTN) isə artıq bir neçə gündür ki, bank rəhbərinin istintaqı ilə məşğuldur.

Bugünlərdə adıçəkilən şəxsin həbsi və bu həbsin araxasındakı səbəblərlə bağlı DİA.AZ-ı məlumatlandıran etibarlı mənbə, yaşanan olaylarla bağlı şok faktlar açıqlayıb. E.Əliyevin həbsi ilə bağlı mövcud təəssürat və rəyləri darmadağın edəcək bu faktlar olduqca maraqlı nüanslarla zəngindir.

Etibar Əliyev MTN-in hansı layihələrində iştirak edib?

E.Əliyevin onun həbsini həyata keçirən MTN-lə son günlərə qədər «dost münasibətə» malik olduğunu bildirən mənbə, «Texnikabank» sədrinin sözügedən nazirliyin bir sıra tədbirlərində aktiv şəkildə iştirak etdiyini bildirib: «Maraqlı budur ki, E.Əliyevin onu həbs edən MTN-lə uzun illərə söykənən əməkdaşlığı olub. Belə ki, nazirliyin həyata keçirdiyi bir sıra tədbirlərdə yaxından iştirak edən E.Əliyev, adıçəkilən qurum qarşısında ciddi xidmətlərə malikdir. Məsələn, E.Əliyev 2011-ci ildə MTN-in həyətində həyata keçirilən təmir-abadlıq işləri və qış bağının salınmasında iştirak edib. Həyətə əkilən bütün ağac, dekorativ kol və güllərin hesabı «Texnikabank» vasitəsilə həyata keçirilib».

Mənbə «Texnikabank»da MTN-də çalışan bir çox yüksək rütbəli şəxsə, onların qohumlarına məxsus hesab nömrələri olduğunu da diqqətə çatdırdı: «MTN-in bəzi nüfuzlu şəxsləri, onların yaxın qohumlarının maddi vəsaitinin önəmli bir hissəsi məhz «Texnikabank»da saxlanılırdı ki, E.Əliyevin həbsindən sonra bütün hesabların müvəqqəti olaraq dondurulmasına baxmayaraq, bu şəxslər öz pullarını məlum hesablardan geri çəkib. Halbuki, hazırkı dönəmdə kimsənin öz hesabındakı pulu geri çəkməsinə icazə verilmir və bu, bankla bağlı aparılan araşdırma ilə əlaqələndirirlir».

«Texnikabank»la dost olub pullarını geri çəkənlər

Mənbənin sözlərinə görə, bankdakı hesabındakı pulları geri çəkən qurumlardan biri də məşhur «Mirilər» şirkətidir: «Mirilər» şirkəti hadisə baş verəndən iki gün sonra, yəni martın 12-də «Texnikabank»dakı hesabından bütün pullarını geri çəkib. Buna səbəb bankın və eləcə də onun rəhbərliyinin aqibətindəki qeyri-müəyyənliklə əlaqədardır. Onu da qeyd edək ki, «Mirilər» şirkəti məlum əməliyyatı həmin şirkətin baş mühasib vəzifəsində çalışan Elxan Abbasovun vasitəsilə həyata keçirib».

Mənbənin bildirdiyinə görə, «Mirilər» şirkətinin başında da məhz MTN-də çalışan yüksək vəzifəli şəxslərdən biri dayanır: «Bu şirkət MTN-də baş idarə vəzifəsində çalışan bir məmura məxsusdur ki, məhz həmin məmurun razılığı ilə şirkətə məxsus vəsaitlər «Texnikabank»dakı hesablarda saxlanılırdı. Lakin E.Əliyevin həbsindən sonra bu hesablardakı pullar şirkət rəhbərliyinin göstərişi ilə geri alındı. MTN-də yüksək postda qərarlaşan, əslən Gürcüstan azərbaycanlılarından olan bir şəxs də bu bankdakı hesabındakı pulları geri çəkib. Masazır kəndi ərazisindəki Zəli gölü kimi tanınan yerdə 5 hektarlıq ərazidə böyük parniklər quran bu şəxsin qohumlarının bankdakı hesabları da boşaldılıb. Bankın son bir aydakı hesablarının təftişi sadaladığımız faktların həqiqət olduğunu sübut etmək üçün yetərlidir.

Yuxarıda adıçəkilən məmurların «Texnikabank»la əməkdaşlığı bununla bitmir. 2011-ci ildə hər iki məmur avtomobillər üçün nəzərdə tutulan gülləkeçirməyən şüşələrin Azərbaycana gətirilməsi məqsədilə Kanadanın məşhur şirətlərindən biri ilə əməkdaşlıq fonunda həmin şirkətin hesabına məhz Texnikabank vasitəsilə 1 milyon manat vəsait köçürtmüşdür».

Etibar Əliyevin kölgədəki himayədarı kimdir?

Mənbə E.Əliyevin himayədarları ilə bağlı ölkə mətbuatında dərc olunan məlumatlara da münasibət bildirib. «Texnikabank» sədrinin guya prokurorluq tərəfindən himayə olunduğu ilə bağlı söylənilənləri yalanlayan mənbə, E.Əliyevin kimsə tərəfindən himayə olunmadığını söyləyib. Mənbənin qənaətincə, əgər söhbət E.Əliyevin dövlət qurumlarındakı rəhbər şəxslərlə münasibətindən gedirsə, o zaman «Texnikabank» sədrinin daha çox MTN-lə yaxınlığı şübhəsizdir: «Bəzi KİV-də E.Əliyevin prokurorluqdakı müəyyən qüvvələr tərəfindən himayə olunduğu ilə bağlı yanlış fikirlər səsləndirilməkdədir. Halbuki, E.Əliyev tutduğu postda yalnız və yalnız öz ağlı və səriştəsi sayəsində qərarlaşmışdı və kimsə tərəfindən məxsusi olaraq himayə edilmirdi. Lakin söhbət onun dövlət qurumları ilə əlaqəsindən gedirsə, «Texnikabank» sədrinin MTN-lə əməkdaşlığının daha çox diqqət çəkdiyi inkaredilməzdir. Bu əməkdaşlığın və qarşılıqlı münasibətin daha bir isbatı olaraq Binəqədi rayonunun Zeytunluq deyilən ərazisində MTN-də çalışan hər iki məmura məxsus villaların yanında E.Əliyevə məxsus mülkün də tikilməsini qeyd etmək olar. Bütün bunlar bir daha onu göstərir ki, bu gün E.Əliyevin boyuna biçilən dost obrazına uyğun gələn yeganə tərəf müqabili elə MTN-nin özüdür. Lakin çətin ki, başına gələnlərdən sonra E.Əliyevi MTN-lə dostluğun səmimiyyət və təhlükəsizliyinə inandırmaq mümkün olsun».


Geri qayıt