Əsas Səhifə > Siyasət, Manşet > MİNGƏÇEVİRƏ KİM TƏYİN OLUNUR?
MİNGƏÇEVİRƏ KİM TƏYİN OLUNUR?18-03-2012, 12:29 |
ÖLKƏNİN 4-CÜ ƏN BÖYÜK ŞƏHƏRİNDƏ MÜXTƏLİF ŞAİYƏLƏR YAYILIB DİA.AZ: - Mübariz Ağayevin Qubaya icra başçısı təyin edilməsinin ardından ölkənin 4-cü ən böyük şəhəri olan Mingəçevir rəhbərsiz qalıb və elə bu da müxtəlif şaiyələrin yaranmasına nədən olub. Xatırladaq ki, keçən günlərdə Mingəçevirə təyin ediləcək yeni başçının «Azenerji»nin prezidenti Etibar Pirverdiyevə yaxın şəxs olacağı barədə məlumat vermişdik. Məlumatımızda onu da xatırlatmışdıq ki, Etibar Pirverdyive Mingəçevirin kuratorluğunu yenidən özünə qaytarmağa müvəffəq olub. Halbuki 5 il əvvəl mövqeləri zəifləyən ASC rəhbəri Mingəçeviri nəqliyyat naziri Ziya Məmmədova güzəştə getməli olmuşdu. Doğrudur, bundan sonra şəhərin maliyyələşməsində müəyyən problemlər yarandı. Çünki Ziya Məmmədov nüfuz miqyasını böyütsə də, kurasiya dairələrinə ayırdığı vəsaitlərin həcmini artırmadığından Mingəçevirdə Mübariz Ağayevin vaxtında elə bir ciddi yenilik baş vermədi. Etibar Pirverdiyev də əldən verdiyi şəhəri diqqətdən kənarda saxladı ki, bu da sovet dövrünün ən yaşıl və ən təmiz şəhəri hesab olunan Mingəçevirin baxımsızlıq ucundan zibilliklər diyarına çevrilməsinə nədən oldu. Redaksiyamıza daxil olan məlumatlardan isə aydın olur ki, Mübariz Ağayevi kimin əvəz edəcəyi sualı bu gün şəhərdə ən aktual müzakirə mövzusudur. Mingəçevirdəki qaynağımız DİA.AZ-a bildirir ki, şəhərin yeni başçısının kim olması ilə bağlı şaiyələr də yayılıb: «Deyirlər ki, Əli Quliyev (bir zamanlar Mingəçevirdə yüksək post tutub) başçı təyin ediləcək. Bəziləri isə zamanında şəhər sovetinin sədri olmuş Məhəbbət Qarabağlının yenidən icra başçısı gətiriləcəyini söyləyirlər». Bildirək ki, elə ən çox güman olunanı da Məhəbbət Qarabağlının təyinatı ilə bağlıdır. Hazırda Bakı şəhəri Təhsil İdarəsinin müdir müavini postunu tutan Məhəbbət Qarabağlının yaşı 70-i haqlasa da, onun bir çox çevrələrlə sıx təmaslarının olması da imkan verir ki, bu təyinat gerçəkləşsin. Belə ki, əslən Gürcüstandan olan Məhəbbət Qarabağlı bir zamanlar Bakı meri Hacıbala Abutalıbovun da hədəfinə çevrilmişdi. Lakin Abutalıbov Qarabağlı ilə bacara bilmədi. Və bu imkanları bu gün onun yenidən Mingəçevirə rəhbər kimi dönə bilməsinə şərait yaradır. Lakin hələlik konkret qərar olmadığından və bu barədə rəsmi mənbələrin susması səbəbindən kimin Mingəçeviri bundan sonra idarə edəcəyini söyləmək çətindir. Geri qayıt |