Əsas Səhifə > Siyasət, Manşet > ETİBAR PİRVERDİYEV DƏ QAZANCLI ÇIXDI

ETİBAR PİRVERDİYEV DƏ QAZANCLI ÇIXDI


16-03-2012, 12:01
ETİBAR PİRVERDİYEV DƏ QAZANCLI ÇIXDI

QUBA ÜSYANI NƏTİCƏDƏ “AZENERJİ” ŞEFİNƏ MİNGƏÇEVİRİ QAYTAMIŞ OLDU

DİA.AZ: - Məlum olduğu kimi, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Alı oğlu Ağayev Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Əslində bu təyinatda ilk olaraq Ziya Məmmədovun qələbəsinin təzahürü açıq-aydın duyulmaqdadır. Çünki Rauf Həbibovla bağlı qalmaqal zamanı Quba camaatından üzr istəyən nəliyyat naziri bi jestinin mükafatını almalı idi. Ilk dəfə idi belə bir hadisə baş verirdi. Hansısa nazir hansısa icra başçısının suçunu üstələnirdi.

Ziya Məmmədov əslində həmin üzrxahlığı ilə Qubadakı kuratorluğunu qorumuş oldu və rəqiblərinə də ismarıc ötürmüş oldu ki, o, Qubanı əldən vermək niyyətində deyil. Vermədi də.

Kimdir Mübarzi Ağayev – bu suala da cavab verilməlidir. Bildirək ki, artıq onun kimliyi ilə bağlı bir qrup Mingəçevir sakini redaksiyamıza ilginc faktları ötürüblər. Hələliksə, Mingəçevirin köhnə, Qubanınsa yeni başçısını bir daha tanıyaq...

Bildirək ki, dünən axşam saat 17:00-də Mübariz Ağayev rayon ictimaiyyətinə təqdim olunub. Yeni icra başçısını Prezident Administrasiyası şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.

Qeyd edək ki, bu təyinata qədər M. Ağayev Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ağayev Mübariz Alı oğlu 01 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.

1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illlərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995 ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək ASC idarə heyətinin sədri vəzifələrində çalışıb.

2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2007-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Son təyinatına qədər də orda çalışıb.

DİA.AZ-a danışan Mingəçevir sakinləri isə bildirirlər ki, Mübariz Ağayev əslində normalda Quba üçün uğurlu bir tapıntıdır: «Onun Mingəçevirdəki fəaliyyətinə nəzər yetirdikdə belə deməyə əsas yaranır. Hər kəs ilə yaxşı münasibətlər qurduğunu hiss etdirən, amma realda öz bildikərini edən Mübariz Ağayev 5 illik fəaliyyəti boyunca Mingəçevirdə çox ciddi sərvət toplamağa müvəffəq oldu».

Sakinlər bildirirlər ki, qısa müddət içində keçmiş başçının sata bilmədiklərini satışa çıxaran, turizmin inkişafı adı altında onlarla obyekt inşa etdirən Mübariz Ağayev bütün bu fəaliyyəti boyunca yalnız Ziya Məmmədova hesabat verib: «Məlumdur ki, Mingəçevir normalda «Azenerji»nin rəhbəri Etibar Pirverdiyevin kuratorluğu altında olmalı idi. Əvvəllər də belə idi. Amma sonradan Pirverdiyevin mövqelərinin zəifləməsinin ardından Mingəçevir Ziya Məmmədovun nəzarət zonasına keçdi. Və nəticədə Mübariz Ağayev Göyçaydan Mingəçevirə göndərildi və NN şefinin nəzarət zonasının sərhədləri genişləndi».

Hazırda Mingəçevirə kimin rəhbər təyin olunacağı haqda məlumatlı sakinlərdə heç bir informasiya olmasa da, yalnız bunları öyrənə bildik: «İndidən belə xəbər var ki, təyinat məsələsini yenidən Etibar Pirverdiyevə qaytarıblar. Yəni şəhərin yeni başçısı «Azenerji» şefinin adamı olacaq». Bu isə o deməkdir ki, Etibar Pirverdieyv də eynən Ziya Məmmədovun Qubanı əlində saxladığı kimi, Mingəçeviri yenidən özünə qaytarmağı bacarıb.


Geri qayıt