Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI SAMUXU QARIŞDIRIB

İCRA BAŞÇISI SAMUXU QARIŞDIRIB


15-03-2012, 12:12
İCRA BAŞÇISI SAMUXU QARIŞDIRIB

VİLYAM HACIYEV ÜSYANA ŞƏRAİTİ ÖZÜ YARATSA DA, «GÜNAHKAR» AXTARIR

DİA.AZ: - Qubada baş verən olayların digər rayonlara da sirayət edəcəyi şübhəsiz idi. Təsadüfi deyil ki, artıq bir sıra bölgələrin sakinləri narazılıqlaını ifadə etməyə başlayıblar. Onların arasında Samux rayonu da var.

Rayondakı qaynaqlardan əldə etdiyimiz məlumatlardan aydın olur ki, icra başçısı Vilyam Hacıyev əslində, özü sakinlərin etirazlara qalxmasına nədən olmaqdadır. Mənbə DİA.AZ-a danışır: «Neçə ildir ki, Vilyam Hacıyev Samuxda özünün yarıtmaz siyasəti ilə yerli camaatın hətta bu hakimiyyətdən də narazı düşməsinə səbəb olub. Qubanın icra başçısı Rauf Həbibov sakinləri təhqir etdiyinə görə, hədəfə çevrildi. Vilyam Hacıyev ondan da betər ifadə və hərəkətlərlə samuxluları aşağılamaqla məşğuldur. Dəfələrlə olub ki, hətta insanların mənliyinə də toxunulub. İndi isə artıq haqq-hesab zamanı yetişib».

Mənbəmiz bildirdi ki, rayonda əməlli-başlı xof yaranıb və hər kəs üsyan tədarükündən danışır. Hətta yerli hüquq-mühafizə orqanları da axtarışa çıxaraq fəal sakinləri təqib etməkdədirlər. Rayonun bəzi fəalları isə icra hakimiyyətinə çağrılır və onları sorğu-suala tuturlar.

Bu arada əldə etdiyimiz məlumatların birində isə deyilir ki, Vilyam Hacıyev əslində özünün üsyana zəmin yaratmasına baxmayaraq, artıq bu işi nəzarətinə alan «yuxarılara» yalançı hesabatlar da ötürməyə başlayıb və belə bir şaiyə yayır ki, guya rayonun yerli sahibkarlarından olan, Samux Asfalt Beton Zavodunun müdiri Nəsir Nəzərov sakinləri üsyana qalxmağa təhrik edir.

Bildirək ki, Vilyam Hacıyevin sahibkarı şərləməsi də təsadüfi və səbəbsiz deyil. Belə ki, 2008-ci ildən etibarən sahibkarla icra başçısının arasında bir ədavət mühiti hökm sürməkdədir. Sahibkarın 500 min manata yaxın pulunu mənimsəyən icra başçısı onu susdurmaq üçün müxtəlif yollara, şər və böhtanlara əl atsa da, heç nəyə nail olmayıb və günü bu gün də məhkəmələr sahibkar-məmur toqquşmasını araşdırmaqla məşğuldur.

Əldə etdiyimiz məlumatlarda deyilir ki, Vilyam Hacıyev ilk əvvəl zavod müdirini Surət Hüseynova calamaq istəyib: «Lakin sonradan öyrənib ki, Nəsir Nəzərov Surət Hüseynovun at oynatdığı vaxtlarda, ümumiyyətlə, Azərbaycanda olmayıb və onların hansısa formada təması da mümkün deyil. Bundan sonra icra başçısı sahibkarı müxalifətə calamaq fikrinə düşüb və bu zaman da kiminsə inandıra bilməyib».

Çünki həqiqətən də Vilyam Hacıyevin pullarını mənimsədiyi həmin sahibkar onun özündən çox hakim partiyanın işinə yarayıb. Bu barədə mənbəmizin söylədikləri: «Nəsir Nəzərov YAP-ın yerli təşkilatının binasını öz hesabına təmir etdirib və eyni zamanda rayon ərazisində bütün DSK-ların təmirində iştirak edib. Heydər Əiyev parkının salınmasında da Nəsir Nəzərov fəal olub və günü bu gün də onun rəhbərlik etdiyi zavodun həyətində Heydər Əliyevin abidəsi ucalır».

Mənbəmizə görə, amma sahibkardan fərqli olaraq dəfələrlə prezidenti aldadan Vilyam Hacıyev bu gün rayon sakinlərini prezidentə qarşı çevirməklə məşğuldur: «Təbii ki, müxalifətdə olmaq ayıb deyil. Amma bu gün Vilyam Hacıyev özünün əməlləri ilə müxalifətin işinə yarayır. Rayonda müxalifət partiyaları günü gündən ona görə möhkəmlənir ki, hakimiyyəti Samuxda təmsil edən Vilyam Hacıyev camaata zülm etməkdədir».

Mənbəmiz onu da bildirdi ki, Novruz bayramı ərəfəsində Quba olaylarından ruhlanan rayon sakinləri icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirəcəklər: «Tədbiri heç bir partiya təşkil etmir. Sadəcə olaraq sakinlər bu qərarı verib və təhlükəsizlik nəzərə alınaraq, aksiyanın tarixi açıqlanmır. Şüarlar da icra başçısının istefası ilə bağlı olacaq və sakinlər əllərində yalnız prezident İlham Əiyevin şəkillərini tutacaqlar».


Geri qayıt