Əsas Səhifə > Gündəm, Manşet > HACIBALA ABUTALIBOVUN NOVRUZ PAYI

HACIBALA ABUTALIBOVUN NOVRUZ PAYI


15-03-2012, 11:23
HACIBALA ABUTALIBOVUN NOVRUZ PAYI

BAKI MERİ İLAXIR ÇƏRŞƏNBƏDƏ JURNALİSTLƏRƏ PUL PAYLAYIB

DİA.AZ: - Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı maraqlı bir məlumat əldə etmişik. Hadisə İlaxır çərşənbə bayramında baş verib. Bildirək ki, həmin gün Bakı meriyası tərəfindən böyük bayram şöləni təşkil olundu. İçərişəhərin Qoşa Qala qapısından Suraxanıdakı Atəşgah məbədinə qədər atların və dəvələrin yürüşü təşkil olundu.

Doğrudur, şahidlər bildirir ki, dəvələr yalnız Xəzər rayonundakı dairəvi yola qədər gedə biliblər və sonradan karvan geri qaytarılıb. Və hətta bu zaman başqa bir maraqlı olay da baş verib. Həmin məqamda Azərbaycanda səfərdə olan Xorvatiyanın prezidenti təsadüfən dəvə karvanı ilə rastlaşır və o, karvandakılara əl edir. Yəni qonaqda elə təəssürat yaranır ki, sanki bizdə dəvələr magistral yolla hər saatda şütüyürlər…

Əsas hadisə isə bundan sonra başlayıb. Şahidlərin DİA.A-a bildirdiyinə görə, bayram karvanını müşaiyət edən bütün telekanalların əməkdaşlarına (hətta operatorlarına belə -red.) Hacıbala Abutalıbovun adından zərfin içində bayram pulu olaraq 50 manat pul verilib. Təbii ki, bizlər bunu Bakı merinin səxavəti kimi qəbul edirik və başqa şəkildə təqdim etmirik.

Amma həmin zaman qəzet jurnalistlərinə eyni qaydada münasibət bəslənilməyib və onların əksəriyyətinin müxalifətçi olduğunu nəzərə alan Bakı meriyasının nümayəndələri hətta tədbirdən sonra «Bülbülə» restoranında təşkil etdikləri ziyafətə də yalnız telekanal əməkdaşlarını dəvət ediblər.

Bildirək ki, sonradan Hacıbala Abutalıbovun bu tədbiri özünü efirdəki yağlı reportajlardan da hiss etdirdi…


Geri qayıt