Əsas Səhifə > Hadisə, Manşet > NAZİRLƏRDƏN BİRİNİN ƏMRİ HAZIRDIR

NAZİRLƏRDƏN BİRİNİN ƏMRİ HAZIRDIR


14-03-2012, 13:12
NAZİRLƏRDƏN BİRİNİN ƏMRİ HAZIRDIR

HAKİM DÜŞƏRGƏ İSLAHATLAR ÜÇÜN «AVROVİZİYA»NI GÖZLƏYƏSİ OLMADI

DİA.AZ: - Bu arada redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, hakim komandada çoxdandır proqnozlaşdırılan kadr islahatları erkən başlaya bilər. Qaynağın DİA.AZ-a bildirdiyinə görə, nazirlərdən birinin istefaya göndərilməsilə bağlı müvafiq qərar hazırdır və bu qərar bu günlərdə elan oluna bilər.

Xatırladaq ki, zaman-zaman rəsmi Bakı ilə əməkdaşlıq edən bir sıra beynəlxalq qurumlar da kadr islahatlarının zəruriliyinə işarə ediblər. Amma buna baxmayaraq, YAP iqtidarı yenilənməyə daha az meyilli olduğunu nümayiş etdirib. Hətta adının konkret şəkildə Dünya Bankının «qara siyahısında» olduğu bildirilən məmurlarla bağlı da hansısa ölçü götürülməyib. Ki, bu vəziyyət də daha çox hakimiyyətin kardinal islahatlardan ehtiyat etməsi ilə əlaqələndirilir.

Onu da bildirək ki, amma hakimiyyətin islahatlardan qəti surətdə imtina etməsi fikri də mövcud deyil. Məsələn, ekspertlərin əksəriyyəti belə hesab edirlər ki, «Avroviziya» müsabiqəsinin ardından həm icra strukturlarında və həm də bir sıra digər dövlət qurumlarında kadr və struktur yeniləşməsi prosesi start götürəcək. Elə bunu rəsmi qaynaqların özləri də dolayı yollarla etiraf ediblər. Lakin hələlik heç bir yeniləşmə baş vermədiyindən mətbuatın da xüsusi həssaslıqla yanaşdığı bu kimi mövzular cəmiyyət arasında o qədər də inandırıcı qəbul olunmur.

Məlumatlı dairələrdən sızan informasiyaya görə, amma buna rəğmən hakimiyyət erkən islahatlara qərar verə bilər. Məsələn, konkret olaraq nazirlərdən biri ilə bağlı yekun söz söylənilib. Bu barədə mənbəmizin söylədikləri: «Həmin nazirin adı bir neçə dəfə müxtəlif konfliktlərdə hallandırılıb. Və çoxdandır adı «qara siyahı»dadır. Qərar isə bu günlərdə qətiləşib. Ola bilsin ki, «Avroviziya»nın bitməsini belə gözləməsinlər. Həm də belə bir addımın atılması sözügedən mahnı yarışması ərəfəsində beynəlxalq qurumlara edilmiş bir jest kimi də qəbul oluna bilər».

Onu da bildirək ki, həmin nazirin kimliyi ilə bağlı dəqiq məlumatlarımız olmasa da, daha çox ehtimal olunanı kənd təsərrüfatı naziri İsmət Abbasovdur. Amma bəzi qaynaqlar əmri gözləmədə olan məmurun təhsil naziri Misir Mərdanov olduğunu iddia edir.


Geri qayıt