Əsas Səhifə > Cəmiyyət > JURNALİSTLƏRİ DÖYƏNLƏR MÜHAKİMƏ OLUNUR

JURNALİSTLƏRİ DÖYƏNLƏR MÜHAKİMƏ OLUNUR


6-10-2011, 17:40
JURNALİSTLƏRİ DÖYƏNLƏR MÜHAKİMƏ OLUNUR

AMMA ƏCNƏBİLƏRİ DÖYƏNLƏR, YERLİLƏRİ YOX...

DİA.AZ: - Cümə axşamı Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ABŞ vətəndaşı Amanda Erikson(Amanda Erickson )və Böyük Britaniya vətəndaşı Silya Devisin (Celia Davies) döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb.

Bu iş üzrə Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ,127.1(qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrilə ittiham edilirlər.

Dövlət ittihamçısı Rizvan Sultanov ittiham aktını elan edib. İttiham aktı iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslərin hücumuna məruz qaldığını, hadisənin Milli Dram Teatrının yaxınlığında baş veridiyini qeyd edir.

Bu şəxslər gənc qızlara hücum edərək hər hansı izahat vermədən onları döyüblər. Zərərçəkmişlər hadisədən öncə bu adamların onları izlədiklərini, döyülmə nəticəsində qızlar ciddi xəsarətlər aldıqlarını bildiriblər.

Müttəhimlərsə özlərini təqsirli saymayıblar. İfadələrində qızlarla tanış olmaq yox, sadəcə içkili olduqları üçün kömək etdiklərini deyiblər. Onlar bu xanımlara xəsarət, zədə yetirmədiklərini, söymədiklərini, sərxoş olmadıqlarını iddia ediblər. Müttəhimlər ibtidai istintaq zamanı müstəntiq tərəfindən hüquqlarının pozulduqlarını deyərək ibtidai istintaqa verdikləri ifadələrdən imtina ediblər.

Zərəçəkmiş S.Devis ifadəsində müttəhimləri yalan danışmaqda ittiham edib. O, bu şəxslərin onları izlədiklərini və tanımadıqları bu şəxslərdən izləməyə son qoymağı tələb etdiklərini nəzərə çatdırıb. S.Devis bu 4 nəfərin onlara tərəf qaçaraq və əlləri ilə itələyərək, çantalarını yerə ataraq təpiklə döyməyə başladıqlarını deyib. S.Devis bu zaman sərxoş olmadığını bildirib. Zərərçəkmiş prosesdə tərcüməçinin düzgün tərcümə etməməsinə etiraz edib və bununla bağlı proses oktyabrın 13-nə kimi təxirə salınıb.

A.Erikson və S.Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə birgə jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. A.Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə əməkdaşlıq edir.


Geri qayıt