Əsas Səhifə > Siyasət, Manşet > ANS-Ə YENİDƏN XƏBƏRDARLIQ EDİLİB

ANS-Ə YENİDƏN XƏBƏRDARLIQ EDİLİB


14-03-2012, 12:07
ANS-Ə YENİDƏN XƏBƏRDARLIQ EDİLİB

TELEKANAL RƏHBƏRLİYİNİN «MÜSTƏQİLLİK DAVASI» PROBLEMLƏR YARADIB

DİA.AZ: - Son zamanlar müxalif simalara geniş yer ayırması ilə diqqətə gələn və ara-sıra sətiraltı ifadələri ilə əvvəlki müstəqil imicini bərpa etməyə çalışan Azərbaycanın ilk müstəqil telekanalı ANS-in başı üzərini yenidən qara buludlar alıb. Bu barədə məlumatı DİA.AZ-a ANS-dəki qaynaqlar ötürüblər.

Mənbəmizin bildirdiyinə görə, şirkət rəhbərliyinin bir sıra verilişlərdə hakimiyyətə qarşı sərt ifadələrin yer almasını tənzimləyə bilməməsi YAP iqtidarının qəzəbinə səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl ANS-in «Günəbaxan» verilişində tanınmış alim Rəşid Mahmudov hakimiyyətin ünvanına çox sərt ifadələri ilə diqqətə gəldi. Doğrudur, bundan sonra Rəşid Mahmudovla bağlı efir qadağası gəldi və onun hansısa kanalın verilişlərinə ənənəvi qaydada ekspert qismində dəvət edilməsinə son verildi.

Bununla yanaşı, tok-şoularında da ANS kanalı iqtidarın siyasətinin kəskin tənqidinə yer verən fikirləri efirə buraxıb ki, bu səbəbdən Prezident Administrasiyasından şirkət rəhbərliyinə xəbərdarlıq edilib. Mənbəmiz bildirir ki, uzun müddət özünün müstəqil qiyafəsini bərpa etməkdə maraqlı olduğunu nümayiş etdirən ANS məcburi qaydada senzuraya getmək zorunda qalacaq:

«Məlumdur ki, YAP iqtidarı ANS kanalını az qala «vanka-stanka»ya döndərib və iki gündən bir lisenziya bəhanəsi və yaxud da başqa ad altında kanalın yayımını dayandırır. Hər halda, bir neçə dəfə təkrarlanan bu olay ANS-in özünü «yığışdırması» üçün yetərli olub. Amma son zamanlar buraxılan «çp»lər kanalı yenidən iqtidarın hədəfinə çevirib. Ki, bunun da nəticəsində yeni xəbərdarlıq kanal rəhbərliyinə ünvanlanıb».

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…


Geri qayıt