Əsas Səhifə > Hadisə > JURNALİST QƏTLİNİN ARXASINDA HAKİMİYYƏT DAYANIR

JURNALİST QƏTLİNİN ARXASINDA HAKİMİYYƏT DAYANIR


6-10-2011, 17:01
JURNALİST QƏTLİNİN ARXASINDA HAKİMİYYƏT DAYANIR

ELMAR HÜSEYNOVUN QƏTLİ AŞPA-DA MÜZAKİRƏ OLUNUB

DİA.AZ: - Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində xüsusi dinləmələrdə jurnalistlərin zorakılıqdan və azad mətbuatın təzyiqlərdən müdafiəsi məsələləri müzakirə olunub. Dinləmələrdə AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberq və ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç iştirak edib.

Bir çox beynəlxalq ıurnalist təşkilatlarının nümayəndələrinin, AŞPA deputatlarının və sessiyanın işini işıqlandıran müxbirlərin iştirak etdiyi diskussiya rusiyalı jurnalist, “Novaya qazeta”nın müxbiri Anna Politkovskayanın qətlə yetirilməsinin 5-ci ildönümünə həsr olunub.

Dinləmələri açan Hammerberq Politkovskayanın və digər jurnalistlərin - Azərbaycanda Elmar Hüseynovun, Ukraynada Georgi Qanqadzenin, Türkiydə Qrant Dinkin qətlini son illər azad mətbuatda baş verən ən hay-küylü, dəhşətli qətl adlandırıb.

O, təəssüflə qeyd edib ki, yalnız bir halda cinayətin icraçısı cəzalandırılıb. Qalan hallarda icraçılar və sifarişçilər azadlıqda qalır.

“Novaya qazeta”nın baş redaktorunun müavini Sergey Sokolovun fikrincə, jurnalistlərin qətlə yetirilməsinin üstü açılmır, çünki bunun arxasında hakimiyyətlə bağlı adamlar dayanır, “əgər hakimiyyətlə bağlıdırsa, deməli böyük pullara və kriminala bağlıdır”.

O, jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasına başqa səbəb kimi ictimaiyyətin seyrçi mövqeyini göstərib. “Jurnalistin taleyi ilə o öləndən sonra maraqlanırlar. Ona hədə-qorxu gələndə, hücum edəndə, ictimaiyyət reaksiya vermir, halbuki, bu cür etirazlar qətlin qarşısını ala bilər”, - o vurğulayıb.

Politkovskayanın qətlinin təhqiqatına gəlinjə, Sokolov deyib ki, təkrar məhkəmə istintaqı zamanı bu cinayətdə əli olan bir neçə nəfər, o cümlədən yüksək vəzifəli milis işçiləri cinayət məsuliyyətinə cəlb olunublar.

Lakin hələlik qəzet və istintaq ehtimal olunan sifarişçilərlə bağlı səhih məlumata malik deyil.

Bununla belə, Sokolov bildirib ki, Politkovskayanı konkret məqaləyə görə yox, peşə fəaliyyətini yerinə yetirərkən adamları müdafiə edərək ictimai xadimə çevrildiyinə görə öldürüblər. Onun fikrincə, Rusiyada azad mətbuat yeganə instansiya olaraq qalır ki, adamlar yardım ümidi ilə bura müraciət edirlər.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Miyatoviç bildirib ki, jurnalistlər həqiqəti yazdıqlarına görə onları öldürürlər.

“Hakimiyyət ən çox jurnalistlərdən qorxur, çünkü həqiqətdən qorxur”, - o vurğulayıb. Onun fikrincə, jurnalistləri KİV özü və vətəndaş cəmiyyəti müdafiə edə bilər.

“Turan”-ın “Elmar Hüseynovun qətlində şübhəli bilinənlərin verilməsi ilə bağlı beynəlxalq təşkilatlar Azərbaycan və Gürcüstan hakimiyyətilə qarşılıqlı münasibətlərə təsir göstərə bilərmi? sualının cavabında Hammerberq Bakı və Tbilisi arasında razılığın əldə olunmasında Aİ praktikasından istifadənin mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, Aİ-də dövlətin ağır cinayətlərdə şübhəli bilinənləri təhvil verməsi ilə bağlı “həbs orderi” var. Hammerberqin fikrincə, jurnalistlərin qətli kimi ictimai əhəmiyyət daşıyan cinayətlərin araşdırılmasında bu cür əməkdaşlıq xüsusilə vacibdir.

Mityatoviç qeyd edib ki, ATƏT-in Vilnüsdə XİNŞ-in sammitinə curnalistlərin təhlükəsizliyinə dair tövsiyələrlə bağlı sənəd hazırlayır.

O, bu sahədə ilk addım kimi diffamasiyanın dekriminallaşmasının vacibliyini qeyd edib və indiyədək bunu etməyən ölkələri bu tövsiyəni yerinə yetirməyə çağırıb.

Müzakirələr zamanı Rusiya mətbuatının nümayəndələri azad mətbuatın müdafiəsində Avropa institutlarının ardıcıl olmadıqlarını qeyd ediblər. Onların fikrincə, bəzən Avropa öz enerji maraqları naminə demokratiya və azad mətbuatı qurban verir.


Geri qayıt