Əsas Səhifə > Ölkə, Manşet > BƏYLƏR ƏYYUBOV MTN-NƏ MÜAVİN GƏLİR
BƏYLƏR ƏYYUBOV MTN-NƏ MÜAVİN GƏLİR12-03-2012, 16:29 |
MTN ŞEFİ İLƏ XDMX RƏİSİNİN DAVASINA NÖQTƏ QOYULUR DİA.AZ: - Məlum olduğu kimi Xüsusi Dövlət Mühafizəçi Xidmətinin iki əməkdaşı qanunsuz olaraq işdən qovulsalar da, günü bu gün haqqlarını bərpa edə bilmirlər. Belə ki, qurumun sabiq əməkdaşları baş leytenant Asif Lətifov və çavuş Seymur Əlicanov dəfələrlə mətbuata verdikləri açıqlamalarında da XDMX rəisi Vaqif Axundovun onlara qarşı qərəzli mövqeyindən şikayətləniblər. Hətta mətbuatda yer alan xəbərdə bildirilir ki, konkret olaraq Asif Lətifova «sən MTN-nin adamısan və bizə qarşı casusluq edirsən» ittihamı da irəli sürülüb. Bu isə iki dövlət qurumu arasında münasibətlərin heç də qaydasında olmamasından xəbər verir. Hər halda, nədən Vaqif Axundov hansısa əməkdaşını MTN-nin şpionu kimi ifşa etməlidir? Nədən, ümumiyyətlə XDMX rəisi MTN-nin casuslarından ehtiyat etməlidir? Yəni bu dövlətin qurumları ayrı-ayrı bayraqlaramı xidmət edirlər?.. Bununla bağlı DİA.AZ-a açıqlama verən hakimiyyət içindəki mötəbər qaynaq idda edir ki, əslində Vaqif Axundovun nigarançılığı heç də əbəs deyilmiş. Xatırladaq ki, buna qədər də məlumat verərək XDMX-nin MTN-nin tabeçiliyinə verilməsi ideyasının mövcudluğu ilə bağlı məlumat vermişdik. Mənbəmiz də bildirir ki, bütün konfliktlərin mayası da buradan qaynaqlanır. «Vaqif Axundov birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın fiqur hesab olunur və ona görə də o, öz şefi ilə eyni cinahda dayanaraq MTN rəhbəri Eldar Mahmudovla ədavətdədir» deyən mənbəmiz bildirdi ki, artıq qurumlar arasındaki nifaq sona çatmaq üzərədir: «Yeni planların tədarükü görülür və yaxın günlərdə həyata keçiriləcək struktur islahatları nəticəsində XDMX-nin ləğv edilməsi və onun səlahiyyətlərinin MTN-ə verilməsi nəzərdə tutulur. Hər halda, bununla da Eldar Mahmudovun Ramiz Mehdiyevlə, eləcə də Vaqif Axundovla ədavəti başa çatmış olacaq. Ən azından bir mərhələ olaraq bu belədir»… Mənbəmiz onu da bildirdi ki, amma Vaqif Axundovun və eləcə də Bəylər Əyyubovun işsiz qalması nəzərdə tutulmayıb: «Vaqif Axundova da, Bəylər Əyyubova da MTN-də nazir müavini vəzifəsi etibar olunacaq». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |