Əsas Səhifə > Cəmiyyət > MƏMURLARIN VARLANMASI ÇƏTİNLƏŞƏCƏK

MƏMURLARIN VARLANMASI ÇƏTİNLƏŞƏCƏK


12-03-2012, 14:59
MƏMURLARIN VARLANMASI ÇƏTİNLƏŞƏCƏK

YENİ QANUN OLİQARXLARA QARŞI HESAB OLUNUR

Azərbaycanda dövlət məmurları arasında gəlir bəyannamələrinin tətbiqinə 2012-2013-cü illərdə başlana bilər. Bu barədə Nazirlər Kabineti tərəfindən məlumat yayılıb. Bəyannamələrin tətbiqindən sonra məmurlar qazanclarını gizlədə bilməyəcəkləri bildirilir.

“Ölkədə məmurların milyon dollarla mülkləri və gəlirləri olduğunu nəzərə alsaq, bu qanunun Azərbaycanda icrası nə dərəcədə mümkün olacaq”, - sualına aydınlıq gətirən iqtisadçı ekspert Sahib Məmmədov maraqlı fikirlər səsləndirib. Ekspert qeyd etdi ki, ölkədə gəlirlərin deklarasiya olunması praktikası var: “Bu proses genişdə olmasa, bir qisim ölkə rəsmisinə şamil edilir. Misal üçün Milli Məclisə deputatlığa namizədliyini irəli sürən şəxsləri göstərmək olar. Belə ki, həmin şəxslər namizədliyini irəli sürdükdən sonra seçki komissiyasına gəlirləri haqqında məlumat verirlər. Eyni zamanda, Azərbaycan prezidentliyinə namizəd olan şəxslər də belə bir prosesdən keçirlər.”

Yeni bəyannamənin bütün strukturlara və rəsmilərə aid olacağını qeyd edən Sahib Məmmədov, “hesab edirəm ki, bu cür bəyannamələr o qədər də təsirli olmayacaq”, - deyə bildirdi: “Bu günə qədər kifayət qədər məmurların mülkləri və obyektləri haqqında informasiyalar yayılıb. Lakin eyni halda hər hansı bir yoxlama apararkən məlum olub ki, həmin məmurların və rəsmilərin adlarına sənədlə heç bir mülk və obyekt yoxdur. Həmin məmurlar özlərinə aid olan mülkləri və obyektləri öz qohumlarının və yaxınlarına adlarına keçirirlər. Bu baxımdan inanmıram ki, yeni qanun layihəsi məmurlar üçün hər hansı bir ciddi problemlər yaransın.”

Problemin qanunvericiliklə tənzimlənməsinin mümkün olduğunu qeyd edən ekspert, sonradan maliyyə toplayan şəxslərlə bağlı amnistiya aktının həyata keçirilməsinin mümkün olduğunu bildirdi: “Amnistiyadan sonra yeni qanun layihəsinin işləməsi mümkündür. Belə ki, amnistiyadan sonra məmurların qazancının hesaba alınması prosesi baş verə bilər.”

Sahib bəy sonda qeyd etdi ki, gəlir bəyannaməsinin qəbul edilməsi hər bir halda müsbət amildir: “Düzdür ki, bəyannamə bütün problemləri həll etməsə də, qismən də olsa qarşısını alacaq. Eyni halda yeni qanun məmurların varlanmasını çətinləşdirəcək.”

Geri qayıt