Əsas Səhifə > Gündəm, Manşet > BAYRAĞIMIZA QARŞI HƏQARƏT

BAYRAĞIMIZA QARŞI HƏQARƏT


12-03-2012, 11:50
BAYRAĞIMIZA QARŞI HƏQARƏT

DÖVLƏT NÖMRƏ NİŞANLARIMIZIN TƏHQİRİ YENİDƏN VÜSƏT ALIB

DİA.AZ: - Bir neçə il əvvəl mətbuatda avtomobillərə verilən dövlət nömrə nişanlarında əks olunan Azərbaycanın dövlət bayrağının bəzi sürücülər tərəfindən təhqir edilməsi halı ilə bağlı həyəcan təbili çalındı. Bildirək ki, bəzi üzdəniraq sürücülər dövlət bayrağımızı nömrə nişanından ya silirdilər, ya da başqa rəngə boyayırdılar. Doğrudur, bunu elə sürücülər var idi ki, başqa səbəblərlə izah etməyə çalışırdı. Amma sonunda məlum oldu ki, əslində bu davranışların arxasında bir siyasi iyrənclik dayanır: AZƏRBAYCAN DÖVLƏTİNİ HƏZM EDƏ BİLMƏMƏK.

Bəli, əziz oxucular, Azərbaycanın havasını uda-uda bu ölkəninin milli dəyərlərini həzm edə bilməyən yetərincə sürücü var idi ki, həmin ərəfədə Azərbaycanın dövlət bayrağını və həm də Azərbaycan dövlətinin qanunlarını aşağılamaqla məşğul idi. Məhz mətbuatın müdaxiləsinin ardından bu cür hallara son verildi.

Amma deyəsən, bəziləri yenidən bayrağımıza qarşı hücumlarını davam etdirmək fikrinə düşüblər. Bununla bağlı DİA.AZ-a müraciət edən Bakı sakinləri narazılıqlarını da dilə gətirdilər. Özünü Arzu Hüseynov kimi təqdim edən paytaxt sakini bildirdi ki, artıq bir neçə maşında dövlət nömrə nişanında Azərbaycanın dövlət bayrağı ümumiyyətlə yoxdur: «Bunu məqsədli şəkildə siliblər. Yəni başqa cür əsaslandırılması qeyri-mümkündür».

Onu da bildirək ki, redaksiyamızın əməkdaşları da bu cür halları son günlər müşahidə etməkdədirlər. Bununla bağlı apardığımız araşdırmalar nəticəsində də öyrənə bildik ki, sən demə, avtomobillərin dövlət nömrə nişanlarına «əl gəzdirənlər» Türkiyədən olan kürd əsillilərdir. Bu barədə redaksiyamıza anonim olaraq açıqlama verən Dövlət Yol Polisi əməkdaşlarından biri də söylədi ki, həmin avtomobillərə onlar da rast gəliblər:

«Saxlamışıq da. Cərimə də yazmışıq. Hətta nömrəsini açdığımız da olub. Amma sonradan elə yerlərdən onlara sahib çıxıblar ki, bizim qanuni müdaxiləmiz qüvvəsini itirib».

Hər halda, prezidentin belə dəyərini bildiyi və bunun naminə Dövlət Bayrağı Meydanı kimi bahalı bir projeyə baş vurduğu bir məqamda bayrağımızın kimlərsə tərəfindən təhqir edilməsi yolverilməzdir. Yəqin ki, müvafiq dövlət qurumları həmin avtomobilləri aşkarlamaqla yanaşı, onlar barəsində sərt ölçü götürəcək. Ən azından buna ümid edirik. Onların arxasında kimin durmasından asılı olmayaraq… Çünki bura Azərbaycandır…


Geri qayıt