Əsas Səhifə > Siyasət, Manşet > SƏFƏR ƏBİYEVƏ SƏLAHİYYƏTLƏR VERİLİR

SƏFƏR ƏBİYEVƏ SƏLAHİYYƏTLƏR VERİLİR


11-03-2012, 12:01
SƏFƏR ƏBİYEVƏ SƏLAHİYYƏTLƏR VERİLİR

MİLLİ ORDU SİSTEMİNDƏKİ QARŞIDURMALAR BİTMƏ ÜZƏRƏDİR

DİA.AZ: - Hakimiyyət içində münasibətlər yenidən gərilmək üzərədir. Bildirək ki, son günlər müdafiə naziri Səfər Əbiyevlə bağlı mətbuata dolaşıq informasiyalar ötürülməkdədir. Hətta onun istefa ərizəsi yazdığı da məlum olub. Buna səbəb kimi isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevlə bağlı qalmaqalın olduğu bildirilir.

Qeyd edək ki, müdafiə nazirliyi general-mayoru və onun üç qızını məhkəməyə verib. Amma buna baxmayaraq, Lənkəran Əliyevi müdafiə edən gizli qüvvələr Səfər Əbiyevin bu prosesdə məğlub olması üçün əllərindən gələni etməkdədirlər.

DİA.AZ-a daxil olan məlumatlara görə, hətta Səfər Əbiyevlə bağlı mətbuata nüfuzunun aşağı salınması məqsədini güdən məqsədli məlumatların ötürülməsi üçün konkret bir şəbəkə də fəaliyyətə başlayıb. Mənbəmiz bildirir ki, bütün bu işlərin arxasında birbaşa olaraq PrezidentAdministrasiyasında qərarlaşan məlum qrup dayanır.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Səfər Əbiyevin istefa ərizəsi yazdığı da söylənilirdi. Artıq bu yöndə də ciddi olayların yaşandığı söylənilir. Mötəbər qaynağın iddiasına görə, hər zaman olduğu kimi, bu dəfə də ali baş komandan, prezident İlham Əliyev Səfər Əbiyevə «stavka» etməsini gizlətməyib və hətta onun istefa ərziəsinin qəbul olunmadığı da MN rəhbərinin diqqətinə çatdırılıb:

«Bu isə o deməkdir ki, Səfər Əbiyev yenidən rəqiblərinin hücumları qarşısında qalib gələn tərəfə çevrilməkdədir. Onun Lənkəran Əliyevlə ədavəti isə məhkəmə yolu ilə həllini tapacaq».

Mənbəmizə görə, artıq MN rəhbərliyinə Lənkəran Əliyevə qarşı əlavə məhkəmə iddialarının qaldırılması üçün də «yuxarıların» xeyir-duası verilib: «Ola bilsin ki, Lənkəran Əliyev hətta hərbi tribunal qarşısına çıxarılsın. Çünki bu gün Lənkəran Əliyevin rəhbərliyi altında hərbi xidmət keçmiş yüzlərlə gəncimiz var ki, hələ də həkim müayinəsi altındadırlar».

Qeyd edək ki, bu günlərdə Lənkəran Əliyevin əsgəri olmuş keçmiş hərbçilərdən birinin mətbuata ilginc açıqlamaları yer aldı. Həmin məlumatda deyilirdi ki, Lənkəran Əliyev Azərbaycan ordusunun əsgərləri ilə sanki bir düşmən kimi davranırmış: «O, əsgərləri gecənin bir saatında yuxudan oyadıb, onlardan güclü yağış və qarın altında, palçığın içində saatlarla hərəkətsiz qalmalarını tələb edirdi. Əgər bu «təlimlər» zamanı əsgərlər hərəkət etsəydi, bəlkə də onların sağlıq durumları təhlükə altına düşməzdi. Amma heç düşmən əsirliyində davranılmayan üsullarla Azərbaycan əsgərləri saatlarla yağışın, qarın altında saxlanılırdı ki, bunun da nəticəsində həmin keçmiş əsgərlərin əksəriyyəti daxili orqanların xəstəliyindən əzab çəkirlər və hətta onların arasında gənc yaşlarında dünyalarını dəyişənlər də var».

Bütün bu faktların ciddi şəkildə araşdırılacağını bildirən mənbəmiz vurğuladı ki, Səfər Əbiyevin hərbiyə aid strukturlar üzərində rəhbərliyinin daha da möhkəmləndirilməsi üçün də bir sıra addımlar atılacaq: «Bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Və Lənkəran Əliyevin ordu rəhbərliyi ilə haqsız ədavəti əslində Milli Ordunun nüfuzuna xələl gətirən bir hal olduğundan onunla bağlı məsələdə də nazirə ciddi səlahiyyətlər tanınacaq».

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt