Əsas Səhifə > Gündəm, Manşet > YAVƏR CAMALOV YENİDƏN MÜAYİNƏDƏ

YAVƏR CAMALOV YENİDƏN MÜAYİNƏDƏ


11-03-2012, 11:26
YAVƏR CAMALOV YENİDƏN MÜAYİNƏDƏ

NAZİR ƏMƏLİYYAT OLUNSA BELƏ, İSTEFA VERMƏK ZORUNDA DEYİL

DİA.AZ: - Bir neçə gün əvvəl İsrail mətbuatı (İzrus, 7 kanal, Nyus İsrael portalları və s.) Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun onkoloji xəstəliyə tutulduğu və bu ölkənin Hayfa şəhərindəki klinikaların birində müalicə aldığı barədə məlumat yaydı.

Onu da bildirək ki, bu dəfə də hakimiyyətə aid məmur korpusu ənənəvi üsulda reaksiya verdi. Yəni hər zaman olduğu kimi, nazirin xəstələnməsi təkzib edildi. Hətta Yavər Camalov əcnəbi qonaqlardan birinin qarşısına da çıxarıldı ki, onun sağlıq durumu ilə bağlı yayılmış xəbərlər inkar edilsin.

Əslində burada iqtidar düşərgəsinin sözügedən tərzi heç də anlaşılan deyil. Hər halda, nazirlər də xəstələnə bilər və burada hansısa qəbahətin axtarılması və yaxud da bu faktın hakim düşərgənin əleyhinə yönləndirilməsi heç bir halda mümkün deyil. Amma nədənsə, bizdə tamamən fərqli düşünürlər.

Xatırladaq ki, İsrail mətbuatının yaydığı məlumatdan sonra Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumatın doğru olmadığı barədə şərh verildi. MSN-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfəq Kərimova mətbuata olduqca lakonik açıqlama verdi: “Mətbuatda yayılan məlumatlar yanlışdır. Heç bir əlavəmiz yoxdur”.

Bu gün isə DİA.AZ redaksiyasına nazirin xəstəlik durumu ilə bağlı yeni məlumatlar daxil olub. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, əslində heç də ciddi təhlükə hesab olunmayan xəstəliyi səbəbindən nazirimizin əməliyyata ehtiyacı var: «Cümə günü Yavər Camalov təkrarən İsrailə müayinə üçün yola düşüb və hələlik vtənə dönüş etməyən nazirlə bağlı əlavə bilgi yoxdur. Əgər gələn həftənin əvvəli nazir vətənə dönüş etməzsə, o zaman bu o deməkdir ki, artıq əməliyyat masasına oturdulub».

Mənbəmiz onu da bildirdi ki, Yavər Camalovun səhhətindəki problemlərin onun iş fəaliyyətinə hansısa formada mənfi təsir göstərməsi də imkansızdır: «Bir daha təkrarlayırıq, sağlıq durumundakı problemlər həyati təhlükə daşımır və qısa müddət içində iş fəaliyyətini bərpa edə biləcək». Mənbəmiz bu sözləri həm də Yavər Camalovun xəstəlik səbəbindən istefaya getmək məcburiyyətində qalacağı ilə bağlı xəbərlərə cavab olaraq bildirdi.


Geri qayıt