Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ HƏSƏNOVUN YENİ PLANI
ƏLİ HƏSƏNOVUN YENİ PLANI6-10-2011, 14:02 |
PA RƏSMİSİ BU DƏFƏ İNTERNET MEDİASINI NƏZARƏTİ ALTINA ALIR DİA.AZ: - Keçən dəfələrdə də bildirmişdik ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuatla bağlı özəl planlarını işə saldığından mediaya aid bütün istiqamətlərdə hökmünü yeritməyə çalışır. Artıq çap KİV-ində kifayət qədər möhkəmlənmiş görünən PA rəsmisi, yayım bazarında da əməlli-başlı mövqe sahibinə çevrilməkdədir. Bu arada isə redaksiyamıza Əli Həsənovun daha bir media istiqamətinə nüfuz etməyə çalışdığı barədə xəbərlər almışıq. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) hakimiyyət içindəki mötəbər qaynaqlardan sızan məlumatda bildirilir ki, Əli Həsənovun yeni hədəfi internet mediasıdır. Bildirək ki, bu gün internet məkanında onlarla nüfuzlu xəbər portalı formalaşıb ki, bu istiqamətə də nəzarətin hansı qurum tərəfindən həyata keçirilməsi hələ də aydın deyil. Bir yandan Mətbuat Şurasının sədri Əflatun Amaşov internet mediasına nəzarət etməə çalışır və hətta heç bir hüquqi əsasının olmamasına baxmayaraq, ayrı-ayrı xəbər portalları barədə qərarlar verir (necə ki, başqa bir qanunsuz əməli ilə qəzetləri «reket» elan edir -red.), digər yandan da Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli internet medianın daha çox onun rəhbəri olduğu təşkilatın mahiyyətinə uyğun olduğunu iddia edərək bu istiqamətə nəzarət istəklərin ortaya qoyur. Onu da qeyd edək ki, əslində həm MŞ və həm də MTRŞ birbaşa olaraq Əli Həsənovun nəzarət zonasına aiddirlər. Amma buna baxmayaraq, son məlumatda bildirilir ki, Əli Həsənov məhz internet mediası üzərində nəzarət rıçaqlarının formalaşdırılması üçün yeni İnternet Media Şurası yaratmaq fikrinə düşüb. Bu barədə məlumatlı mənbənin söylədikləri: «Artıq bu iş üçün tələb olunan müvafiq hazırlıq addımları tılmaqdadır. Hakimiyyətin nəzarəti altında olan internet media orqanları təlimatlandırılır və yaxın günlərdə onların çoxluq təşkil edəcəyi bir konfransın təşkil olunması planlaşdırılır». Bu konfrans zamanı isə yeni qurumun yaradılması barədə təşəbbüslərin irəli sürüləcəyini bildirən mənbəmiz vurğulayır ki, bununla da Əli Həsənov İMŞ-nin rəsmən elan olunması üçün tələb olunan SOSİAL SİFARİŞİ əldə etmiş olacaq. Təbii ki, belə bir qurumun yaradılmasının vacibliyini bizlər də bildiririk və buna qədər də qeyd etmişik. Amma bu işin də məhz Əli Həsənovun nəzarəti altında yaradılması artıq o anlamı daşıyır ki, hakimiyyət bu yolla internet mediası üzərində senzura aparatı formalaşdırmağı düşünür. Bu işin birbaşa olaraq Əli Həsənovun nəzarəti altında olması faktı isə digər yandan PA rəsmisinin mətbuat aləmində daha da güclənəcəyini sübutlayan bir fakt kimi qəbul olunmaqdadır. Yəni hakimiyyət mətbuata aid olan bütün işləri bir nəfərin inhisarı altına verir. Geri qayıt |