Əsas Səhifə > Siyasət, Manşet > ABUTALIBOVUN YENİ SÖKÜNTÜ PLANI

ABUTALIBOVUN YENİ SÖKÜNTÜ PLANI


10-03-2012, 12:41
ABUTALIBOVUN YENİ SÖKÜNTÜ PLANI

MƏMURLARIN MARAĞINDA OLAN MƏKANLARDA «PROBLEMLƏR» TAPILACAQ

DİA.AZ: - Son bir ildə Bakıda həyata keçirilən söküntü işləri bir xeyli narazılıq yaradıb. İnsanları zorla evindən çıxaran rəsmi qurumlar, xüsusən də Bakı Şəhər İcra Hakimiyyəti hər nə qədər hədəf olsa da, edilən tənqidlərdən nəticə çıxarmamaqdadır. Üstəlik, meriya yeni-yeni söküntü işlərinə də əl qoymağa hazırlaşır.

DİA.AZ bildirir ki, bu günlərdə Bakı meri Hacıbala Abutalıbov növbəti söküntü əməliyyatı ilə bağlı açıqlama verdi. O bildirdi ki, Xətai rayonunda baş verən sürüşmədən sonra bir sıra qərarlar veriblər. «Bu hadisədən sonra belə qərara gəldik ki, Xətai rayonunda kommunal xəttlərin üzərində inşa olunan bütün tikililər təftiş olunsun və bu cür tikililər ləğv edilsin». O daha sonra bildirib ki, bu təftişlər paytaxt miqyasında davam etdiriləcək.

Qeyd edək ki, merin bu açıqlaması onu deməyə əsas verir ki, Bakıda bir çox binaların sökülməsi artıq an məsələsidir. Üstəlik, bu söküntü işləri ticarət obyektləri, hətta şadlıq evlərini də əhatə edəcək. Çünki bir çox kommunal xətlər şadlıq evlərinin altından keçir və onların sökülməsi də bu zərurətdən irəli gələcək. Hərçənd burada bir sıra maraqlar da təmin olunacaq. Yəni, merin hansısa məmurdan xoşu gəlmirsə, bir bəhanə ilə onun obyektinin altından «kanalizasiya xətti» keçirib, əlindəki külüngü ilə fəaliyyətə başlayacaq.

Bildirək ki, bu söküntü işləri təkcə məmurların obyektlərini deyil, həm də kasıb əhalinin evlərini də əhatə edə bilər. Şəhərin mərkəzində «Qış Bulvarı», Bayılda «Eurovizion»la əlaqədar sökülən evlərin də aqibətindən bəllidir ki, əhalinin kütləvi şəkildə evsiz qoyulması, hansısa məmurların marağındadır. Amma bir şey nəzərdən qaçırılır ki, bu şəkildə davam edərsə, hakimiyyətə qarşı sərt bir etiraz formalaşır. Və günlərin birində həmin etiraz Qubadakı olaylara dönüşərək, ciddi problemlərə səbəb olacaq.

Bu əsnada onu da deyək ki, Hacıbala Abutalıbov sökmək sahəsində kifayət qədər səriştəli məmurdar. O indiyə qədər Bakıda 25 mindən artıq ticarət obyektini, minlərlə evi və bir o qədər yolları sökərək, əhali ilə üz-üzə qalıb. İndi də Xətai rayonunda həyata keçirmək istədiyi ekspermenti tətbiq etməklə, bütün paytaxtı qazıntı meydanına döndərəcək.


Geri qayıt