Əsas Səhifə > Hadisə > NƏQLİYYAT NAZİRLİYİNİN ÖZ PLANI VAR İMİŞ

NƏQLİYYAT NAZİRLİYİNİN ÖZ PLANI VAR İMİŞ


9-03-2012, 12:50
NƏQLİYYAT NAZİRLİYİNİN ÖZ PLANI VAR İMİŞ

“BİZ İŞLƏRİMİZİ “EUROVISION-2012”YƏ GÖRƏ QURMAMIŞIQ”

2012-ci ilin aprelində Nəqliyyat Nazirliyi Bakıda avtobuslarda ödəniş prosesini avtomatlaşdırmağı planlaşdırır. Aprelə bir aydan da az müddət qaldığını nəzərə alaraq, bu məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlik katibliyinin müdiri Namiq Həsənov Modern.az-a açıqlamasında bildirdi ki, plastik kartların tətbiqi aprel ayında reallaşmayacaq.

“ İndi dəqiq deyə bilmərəm. Hələki ilin birinci yarısında proqramların izlənmə prosesi gedir. İyun ayına qədər birinci mərhələnin işləri yekunlaşacaq və sonra ikinci mərhələ reallaşacaq. İntellektual sistemin ikinci mərhələsində Bakı şəhərinin coğrafiyası genişlənəcək. Plastik kart və ödəmə kart sisteminə baxmaq lazım olacaq. Hələki indi tezdir”.

N.Həsənov bütün işlərin “Eurovision-2012”a görə aparılmadığını bildirib.

“Biz işlərimizi “Eurovision”a görə reallaşdırmırıq. Bizim elə layihələr var ki, “Eurovision”dan əvvəl başlayıb və sonra da davam edəcək. Elə layihələrimiz var ki, “Eurovision”dan sonra reallaşdırmaq nəzərdə tutulub. Bütünlüklə biz bütün proyektlərimizi “Eurovision”la uyğunlaşdırmırıq”.

Nazirlik rəsmisi “Eurovision”la bağlı işlərin də olduğunu bildirib.

“Nazirlik yolların təmiri, rənglənməsi, işarələrin qoyulması işlərini görəcək. Elə layihələr var ki, öz müddəti çərçivəsində yerinə yetiriləcək. Güman edirəm ki, bu ilin sonlarına qədər kart sistemi quraşdırılacaq”.

Qeyd edək ki, bu sistemin tətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub. Həmin şirkət 2011-ci ildə bu sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub.


Geri qayıt