Əsas Səhifə > Gündəm, Manşet > İSMƏT ABBASOVA SON ZƏRBƏ VURULUR

İSMƏT ABBASOVA SON ZƏRBƏ VURULUR


9-03-2012, 12:24
İSMƏT ABBASOVA SON ZƏRBƏ VURULUR

DURUMUNDAN XƏBƏRDAR OLAN NAZİR KAPİTALINI ÖLKƏDƏN ÇIXARIR

DİA.AZ: - Fəaliyyəti ilə bağlı aparılan araşdırmalarda çoxsaylı korrupsiya faktları üzə çıxan kənd təsərrüfatı naziri İsmət Abbasovun durumu tamamilə kritikləşib. Ölkə başçısının yanında keçirilən son müşavirədə Abbasovun rəhbərlik etdiyi nazirliyin ünvanına səsləndirilən tənqidlər belə düşünmək üçün əsas yaradır.

Qeyd edək ki, İsmət Abbasov Azərbaycan hökumətinin ən korrupsioner nazirlərindən biri sayılır və tək-tük nazirlərdəndir ki, onun haqqında iqtidar KİV-lərinin və hakimiyyətə yaxın ekspertlərin dilindən də ardıcıl, davamlı tənqidlər eşitmək mümkündür. Məsələn, bir müddət əvvəl iqtidara bağlı belə ekspertlərdən biri İsmət Abbasov haqqında aşağıdakı məzmunda sərt bir açıqlama vermişdi: «Kənd Təsərrüfatı Nazirliyinin sistemi ötən əsrdən qalan səviyyədən də aşağıdır. Yəni Azərbaycanda aparılan bütün islahatlara baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi bütün səviyyələrdə, istər maddi-texniki, istər maliyyə dəstəyi, istərsə də digər elmi-texniki səviyyələrdə Qırğızıstanda da aşağı səviyyədədir. Bu nazirliyin hələ indiyə qədər bir dəfə ağıllı siyasət yürütdüyünü heç kəs görməyib. Görməsi də mümkün deyil. Çünki nazirliyə bu işdən xəbəri olmayan bir adam rəhbərlik edir. Əslində kənd təsərrüfatı dövlət üçün çox strateji sahədir. Çünki Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək üçün hər bir addımı atır. Azərbaycanda aqrar sahədəki bütün uğurlarda kənd təsərrüfatı nazirinin rolu sıfırdır. Biz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirik və bu, reallaşan kimi subsidiya, dotasiya, - hamısı ləğv olunacaq. Belə bir şey Azərbaycanı hazırlıqsız yaxalansa, fəsadları ağır olacaq. İsmət Abbasov kimi kənd təsərrüfatı naziri ilə ÜTT-na üzv olanda Azərbaycanın halına ağlayan lazım olacaq.»

Bu deyilənlərdən belə bir nəticə çıxır ki, hakimiyyət kulislərində perspektiv üçün İsmət Abbasovun bir kənd təsərrüfatı naziri olaraq, yararlı fəaliyyətinə dair ciddi şübhələr var. Həmin şübhələrin zamanla dərinləşməsi və sonucda Abbasovun öz postu ilə vidalaşmasına gətirib çıxaracağı gözlənilən idi. Ötən ayın sonlarında «Baku Expo» Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində ölkə başçısının çıxışında Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı tənqidi notlar da artıq İsmət Abbasovun görəvinə son verilməsi üçün zəmin hazırlandığından və onun ən qısa vaxtda nazir postundan uzaqlaşdırılacağından xəbər verir.

Yeni kənd təsərrüfatı nazirinin kim olacağı barədə birmənalı fikir söyləmək çətin olsa da, görünən odur ki, hökumətdə ümumilikdə aqrar sektorda köklü dəyişikliklərə gediləcək. Yəni yalnız nazir postundakı şəxsin bir başqası ilə əvəzlənməsi ilə kifayətlənilməyəcək, ümumilikdə kənd təsərrüfatı sistemində idarəetmə təfəkkürü və forması dəyişdiriləcək.

Çünki yuxarıda da qeyd etdiyimiz kimi, hakimiyyət kulislərində yaxın perspektivdə Azərbaycanın xarici iqtisadi siyasətində atılması gözlənilən mühüm addımların mənfi fəsadlarının ortaya çıxmaması üçün İsmət Abbasov və onun idarəçilik təfəkkürünün faydalı olmayacağı fikri iqtidarın yüksək çevrələrində belə dəqiqləşib. Deməli, kənd təsərrüfatı naziri artıq istefanın bir addımlığındadır.

Bu arada DİA.AZ-a daxil olan başqa bir xəbər də maraq doğurur. Etibarlı mənbənin qəzetimizə verdiyi məlumata görə kənd təsərrüfatı naziri hakimiyyət daxilində vəziyyətinin ağırlaşdığının fərqinə vararaq, indidən pullarını sığortalamağa başlayıb. Mənbənin bildirdiyinə görə, indiyə qədər yığdığı pulları Avropa banklarına yerləşdirmək üçün hərəkətə keçən nazir artıq bir sıra nəticələr əldə edib.

Qeyd olunur ki, İsmət Abbasov pullarını əsasən İtaliya banklarındakı hesablara yerləşdirməyə üstünlük verir. Bunun hansı səbəbdən edildiyi hələlik bizə məlum olmasa da, belə bir versiya irəli sürmək mümkündür ki, KTN başçısının İtaliya banklarında yaxın əlaqələri var. Həmçinin o da mümkündür ki, nazir elə əvvəldən sözügedən banklarla əməkdaşlıq etdiyi üçün ənənəni pozmur.

Mənbə daha sonra bildirib ki, Abbasov bu işləri həyata keçirmək üçün birbaşa özü addım atmır. Belə ki, o, pullarını yaxın qohumlarından birinin əliylə İtaliyaya keçirdir. Və bu zaman müxtəlif vasitələrdən yararlandığı vurğulanır. Məlumata görə, nazirin qohumunun şirkəti var və həmin şirkət vasitəsi ilə İtaliyada guya, bir neçə tender udulduğu barədə rəy yaradılır. Hətta o da vurğulanır ki, Abbasovun qohumu bu zaman saxta sənədlərdən belə yararlanır. Tender adı ilə ölkədən pulları çıxardıqdan sonra isə həmin sənədlər ləğv edilir və bununla da iş ört-basdır edilir.


Geri qayıt