Əsas Səhifə > Siyasət, Manşet > VİLYAM HACIYEV VİLLALARINI SATIŞA ÇIXARIB
VİLYAM HACIYEV VİLLALARINI SATIŞA ÇIXARIB8-03-2012, 12:21 |
SAMUX RAYON RƏHBƏRİ DƏ «RAUF HƏBİBOV SINDROMU» YAŞAYIR DİA.AZ: - Əksər rayonların icra başçıları rəhbərlik etdikləri rayonların ərazisindəki mülklərini satır. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən bilgi daxil olub. Mənbələrin deməsinə görə, martın 1-də Qubada baş verənlər ayrı-ayrı rayonların icra başçılarını bərk təşvişə salıb. Söhbət xüsusilə o rayonlardan gedir ki, onların camaatı yerli hakimiyyətdən narazıdır, üstəlik, həmin rayonların rəhbərlərinin başçılıq etdikləri rayon ərazisində iri torpaq sahələri və çeşidli daşınmaz əmlakları var. Məlumatlarda iddia olunur ki, Qubada qəfil baş verən hadisələr zamanı icra hakimiyyəti başçısı Rauf Həbibovun villasına od vurulması, onun və yaxınlarının da mülklərinin yandırılmasına çalışılması bir çox icra başçılarını ehtiyatlı tərpənməyə məcbur edib: «Aydın məsələdir ki, əksər rayonlarda camaat yerli idarəçiliyin özbaşınalıqlarından əziyyət çəkir və icra başçılarına qarşı neqativ münasibətdədirlər. Bu narazılığın isə nə vaxt və hansı səbəblə partlayacağını müəyyənləşdirmək çətin məsələdir. Bunu icra başçıları da bildikləri üçün işlərini ehtiyatlı tutmaq və rəhbəri olduqları rayonların ərazisində özlərinə məxsus mülkləri satmaq qərarına gəliblər». Aldığımız məlumata görə rayondakı əmlakını satışa çıxaran icra başçılar arasında ön sırada Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev durur. Onu da bildirək ki, V.Hacıyevin kapitalı haqda ilk məlumatlar onun doğmaca əmisioğlu Hafiz Hacıyev tərəfindən verilmişdi: «O, adi bilet satan idi, acından günorta dururdu. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimiz İlham Əliyevdən narazı salmaqla məşğuldur. İlham Əliyevə ən böyük zərbəni Vilyam Hacıyev kimi yaramaz məmurlar vurur. Bu adam o dərəcədə eroziyaya uğradı ki, doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxardı. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. Qardaşından satqınlıq edənə münasibət belə olmalı idi. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq». H.Hacıyev həmçinin qeyd etmişdi ki, vəzifəyə qoyulana qədər səfalət içində yaşayan bu adam indi özünə Daşkəsəndə, Gəncədə, Xanlarda nəhəng villalar tikdirib: «Bakının mərkəzində bir neçə 5 otaqlı mənzil alıb, dəyəri yüz min dollarlarla ölçülən maşınları var.» Redaksiyamıza daxil olan məlumatlarda Samux rayon rəhbərinin əmlakını satışa çıxarmasına səbəb kimi başqa bir amil də vurğulanır: «Samux rayonunda icra başçısının nəzarətində iri torpaq sahələrinin, imarətlərin, biznes obyektlərinin varlığı heç kimə gizli deyil. Bu isə camaatda qıcıq yaradır. Həmin qıcığı aradan qaldırmaq, yerli əhalidə rayon rəhbərliyinə qəzəbin alovlandırılmasına səbəb olacaq qığılcımı zamanında zərərsizləşdirmək üçün də icra başçısı öz mülkiyyətlərini məhdudlaşdırmaq qərarına gəlib. Söhbət təbii ki, onun icra başçısı görəvində çalışdığı rayondakı mülkiyyətlərindən gedir». Mənbəmiz həmçinin onu bildirdi ki, mülklərini satışa çıxaran V.Hacıyev bundan əldə etdiyi vəsaitlərlə daha çox Bakı və Bakı ətrafında dəbdəbəli iqamətlər, geniş torpaq sahələri almaq, biznes yaratmaq variantına üstünlük verir. Hər halda onun satdığı mülklərdən əldə etdiyi pulları xalqın sosial problemlərinin həllinə yönəldəcəyini heç kim gözləmir. Baxmayaraq ki, o villalar, torpaq sahələri, biznes obyektləri elə camaatdan oğurlanan pullar hesabına ərsəyə gəlib... Geri qayıt |