Əsas Səhifə > Gündəm, Manşet > NOVRUZ BAYRAMINDA KİMLƏR BURAXILACAQ?

NOVRUZ BAYRAMINDA KİMLƏR BURAXILACAQ?


7-03-2012, 12:45
NOVRUZ BAYRAMINDA KİMLƏR BURAXILACAQ?

HAKİMİYYƏTİN İLKİN ƏFV SİYAHISINA ƏLİ İNSANOVUN ADI SALINMAYIB

DİA.AZ: - «Hakimiyyət keçmiş səhiyyə naziri Əli İnsanova münasibətini hələ də dəyişməyib». Bu sözləri redaksiyamıza hökumət içindəki etibarlı mənbə söyləyib. Onun bildirdiklərindən belə aydın olur ki, Novruz Bayramı ərəfəsində imzalanması nəzərdə tutulan əfv fərmanı ilə 2 aprel və hicab məhbuslarının bəzilərinin azadlığa çıxması planlaşdırılsa da, 2005-ci ilin 17 Oktyabr hadisələrinə görə həbs edilmiş məmurlardan heç biri azad edilməyəcək.

Xatırladaq ki, həmin ərəfədə «dövlət çevrilişinə cəhd» ittihamı ilə iki nazirin qolları kabinetlərindəcə qandallanmışdı. Onlardan biri keçmiş səhiyyə naziri Əli İnsanov, digəri isə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev idi. Bu vaxta qədər yayılan məlumatlarda deyilirdi ki, artıq Fərhad Əliyevlə iqtidarın xüusi elçilərinin məxfi danışıqları gedir və Fərhad Əliyev özünün də olmasa, onunla bərabər həbs edilmiş «Azpetrol» Neft Şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin, həmçinin onunla münasibətlərinin isti olması səbəbindən həbs edilmiş daha 4 nəfərin azad edilməsi üçün razılaşma əldə etməyə çalışır. Bu məqsədlə Fərhad Əliyev hətta bu günlərdə bir neçə müəssisəsindən də hakimiyyətə yaxın şəxslərin xeyrinə imtina etmişdi.

DİA.AZ-a bu barədə danışan mənbəmiz bildirir ki, hələ də Rafiq Əliyevin məsələsində qəti qərar yoxdur: «Amma onun və daha 4 nəfərin adı əfv olunanların siyahısına salınıb. Həmin siyahının isə dövlət başçısına təqdim edilməsi gözlənilir».

Redaksiyamıza danışan mənbə bildirir ki, amma keçmiş səhiyyə naziri Əli İnsanovun adı hətta ilkin siyahıya da salınmayıb: «Fərhad Əliyevdən fərqli olaraq Əli İnsanov 2007-ci ildəki məhkəmə istintaqı zamanı müxalifət düşərgəsinə keçdiyini elan etməklə yanaşı, Müsavat başqanı İsa Qəmbərdən, AXCP sədri Əli Kərimlidən, həmçinin «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğludan üzr istəmişdi. Və keçmiş nazir məhkəmə iclasında bəyan etmişdi ki, bundan sonra o, hakimiyyətə qarşı mübarizə aparacaq. Görünür, hakimiyyət İnsanovun həmin müraciətlərini unutmayıb».

Lakin mənbəmiz onu da bildirdi ki, hələ də yekun fikir söyləmək çətindir: «Çünki dəfələrlə olub ki, prezidentə təqdim olunan siyahıdan fərqli bir siyahı ilə əfv qərarı verilib. Yəni adları siyahıdan olmayanların bəzilərinin sonradan əlavə edilməsi, bəzilərinin isə adlarının siyahıdan çıxarılması faktları da yetərincə baş verdiyindən, Əli İnsanovun hələ də şansını itirmədiyi bir reallıqdır».


Geri qayıt