Əsas Səhifə > Gündəm, Manşet > QUBADA VƏZİYYƏT YENƏ DƏ QARIŞIB

QUBADA VƏZİYYƏT YENƏ DƏ QARIŞIB


7-03-2012, 12:06
QUBADA VƏZİYYƏT YENƏ DƏ QARIŞIB

SAKİNLƏR BAKIYA YÜRÜŞ ETMƏK İSTƏYİRLƏR; TOQQUŞMALAR VAR

DİA.AZ: - Qubada vəziyyət yenə də gərginləşib. Rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, təxminən 100-ə yaxın rayon sakini icra hakimiyyətinə doğru yürüş edib. Polislə toqquşmalardan sonra yerli icra hakimiyyətinin nümayəndələri işə qarışıb və etirazçıların nümayəndələri ilə icra başçısının müavinlərinin görüşünə razılıq verilib.

Mənbəmiz bildirir ki, tələb 1 mart olaylarına görə, hələ də həbsdə saxlanılan iki nəfərin azadlığıdır. Bildirək ki, Quba hadisələrində həbs olunmuş Samir Xammədov Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur. O, ittihamları qəbul etmir.

Bu haqda onun vəkili Qubad Salayev məlumat verib. Vəkilin sözlərinə görə, Samir Xammədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Vəkil bu gün onunla görüşəcək.

Quba hadisələrində ittiham olunan Fərhad Abdulrəhmanov da Cinayət Məcəlləsinin 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 233-cü maddələri ilə ittiham olunur.

Bu haqda onun vəkili Səfər Hüseynov məlumat verib. Vəkil Fərhad Abdulrəhmanovla martın 5-də DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində görüşüb. Vəkilin sözlərinə görə, o, yaxın günlərdə Bakı İstintaq Təcridxanasına göndəriləcək.
Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Baş Prokurorluğun mətbuat xidmətindən cinayət işinin hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin sayı ilə bağlı məlumat verilmir.

Rayondakı mənbəmiz bildirir ki, əgər tələbləri eşidilməzsə, narazı sakinlər Bakıya yürüş edəcəklər.

Bizi izləyin…

Geri qayıt