Əsas Səhifə > Hadisə > QUBANIN PROKURORU: “MƏLUMATIM YOXDUR”
QUBANIN PROKURORU: “MƏLUMATIM YOXDUR”6-03-2012, 14:57 |
QUBA MÜSAVATÇISI: “SAKİTLİKDİR” “Quba hadisələri rayonun icra başçısı Rauf Həbibovun təhqiramiz çıxışına görə baş verdi. Rauf Həbibov da vəzifədən azad olunduğuna görə belə hadisələrin təkrarlanma ehtimalı yoxdur. Amma gələcəkdə nə olacağını deyə bilmərəm”. Müsavat Partiyası Quba rayon təşkilatının üzvü Məzahir Əliyev martın 6-da “Media forum” saytına açıqlamasında belə deyib. Müsavatçının sözlərinə görə, hazırda Qubada sakitlikdir, hər şey öz axarında gedir, hansısa əlavə tədbirlərin görülməsi, polisin gücləndirilmiş rejimdə işləməsi müşahidə olunmur, heç bir yerdə əlavə post qoyulmayıb. Məzahir Əliyev deyib ki, martın 1-də baş verən hadisələrə görə Quba rayon rəhbərliyindən əlavə kimlərinsə işdən azad olunması haqda heç bir məlumat yoxdur: “Hələ Qubada mitinq keçirilməzdən qabaq rayonun ictimai fəallarını, müxalifət partiyalarının təmsilçilərini, din xadimlərini Quba Rayon Polis Şöbəsinə çağırmışdılar. Fevralın 28-i və 29-da rayon fəalları polisə çağırılmışdı. Polis şübhələnirdi ki, aksiyanı ictimai fəallar, müxalifət partiyaları təşkil edir. Orada bizimlə söhbətləşdilər. Amma Qubadakı hadisələrdə siyasi partiyaların heç biri iştirak etməyib. Hadisələrdən sonra isə polisə çağırılmamışıq”. Müsavat fəalı bildirib ki, iki nəfərin həbs olunması haqda məlumat var. Onun sözlərinə görə, həmin şəxslərin hadisə baş verən gün həbs olunduğu deyilir: “Amma bunlar dəqiq olmaya da bilər. Rayonda dolaşan xəbərlər əsasında deyirəm. Dövlət orqanları dəqiq məlumat vermir”. Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. ****** Qubada baş verənlərin Cinayət Məcəlləsinin hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin olub-olmadığı haqda hər hansı məlumat almaq mümkün deyil. Baş Prokurorluq bu haqda hər hansı açıqlama vermir. “Media forum” saytı martın 6-da Quba rayon prokuroru Nazim Hacıyevlə əlaqə saxlayıb. Amma prokuror da bu barədə heç bir məlumat verməyib: “İstintaqı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Ona görə də bütün suallarınızı Baş Prokurorluğun mətbuat xidmətinə ünvanlayın”. Nazim Hacıyev deyib ki, hadisələri araşdıran istintaq qrupunun üzvü deyil, Quba Rayon Prokurorluğu isə istintaqda iştirak etmir: “Cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə açılması, həbs edilənlərin olub-olmadığı haqda məlumatım yoxdur”. Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Geri qayıt |