Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENTİ 2-Cİ DƏFƏ ALDATDILAR

PREZİDENTİ 2-Cİ DƏFƏ ALDATDILAR


6-03-2012, 12:38
PREZİDENTİ 2-Cİ DƏFƏ ALDATDILAR

VİLYAM HACIYEVİN SAMUXDA SAXTA ANTİÜSYAN TƏDBİRLƏRİ

DİA.AZ: - 2008-ci ilin mart ayının 4-də prezident İlham Əliyev Samuxda olarkən sözügedən rayonun icra başçısı Vilyam Hacıyev elə bir əmələ imza atdı ki, günü bu gün də Samux camaatı həmin olayı unutmayıblar. Söhbət, rayonda «Mosu kişinin çayxanası» kimi tanınan obyektin rayona səfərə gəlmiş dövlət başçısına «Şahma Evi» kimi təqdimatından və lentinin kəsdirilməsindən gedir.

Bildirək ki, bu barədə məlumatlar yerli mətbuatda dəfələrlə səsləndirilsə də, dövlət başçısının aldadılmasına hansısa dövlət qurumundan rəsmi reaksiya gəlməyib. Hətta Vilyam Hacıyevə «gözün üstündə qaşın var» deyən də olmayıb ki, bunun da nəticəsində icra başçısı özünün bu tipli əməllərini günü gündən inkişaf etdirir.

Qeyd edək ki, Samux rayonu bu gün Azərbaycanın ən böhranlı nöqtələrindən biri kimi diqqətə gəlməkdədir. Vilyam Hacıyevin rayon sahibkarlarına divan tutması faktı isə dəfələrlə mətbuatda səsləndirilib. Məsələn, belə faktların birində vurğulanırdı ki, icra başçısı yerli Asfalt Beton Zavodunun rəhbərinin 491 min manat pulunu mənimsə də, günü bu gün sözügedən işin məhkəmədə olmasına rəğmən icra başçısı haqqını yediyi sahibkarı razı salmaq niyyətindən uzaqdır.

Bu gün baş verənlər isə Vilyam Hacıyev kimi prezidenti aldatmağa cürət etmiş birisinin nə qədər arxayın olmasının təsdiqi hesab oluna bilər. Rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, Vilyam Hacıyev 2008-ci ildə olduğu kimi, yenə də oxşar bir əməli ilə diqqətə gəlib.

Bu barədə mötəbər mənbənin söylədikləri: «Bu gün əslində Göygöl rayonuna aid olan və «Gəncə dəmiryolunun altı» adlanan ərazidə yeni bazarın açılışı olub. Bazarı Gəncədən olan iş adamlarından biri öz şəxsi pulu ilə inşa etdirib və bazar ona məxsus olsa da, amma nədənsə Vilyam Hacıyev bu törənə sahiblənib».

Nə ərazinin, nə də sahibkarın Samux rayonuna aidiyyatının olmamasına baxmayaraq Vilyam Hacıyevin həmin bazarın «lentini kəsdiyini» bildirən mənbəmiz vurğulayır ki, bu işə elə Göygöl rayonunun rəhbərliyi də heyrətlənib: «Amma sözügedən regionda hər kəs Vilyam Hacıyevi yaxşı tanıdığından əslində ciddi təəccüb də yaranmayıb. Hər halda, prezidenti bir dəfə aldatmağa cürət etmiş icra başçısının növbəti dəfə eyni yalanı dövriyyəyə buraxması normal bir haldır. Çünki ilk dəfəsində adam cəzasız qaldı və artıq yalanının ayaq tutub yeridiyini gördüyündən bu gərgin ərəfədə özünə xal qazanmağa çalışır».

Mənbəmiz bildirir ki, əslində Vilyam Hacıyev bu yolla guya ki, Samux camaatının könlünü almağa çalışır: «Çünki Qubada baş verənlər Samuxda da üsyan atmosferinin yaranmasına nədən olub. Camaat çoxdan narazıdır. Quba isə bu narazılığın ifadəsi üçün bir təkan rolunu oynadı. Bunu yaxşı başa düşən Vilyam Hacıyev hətta Göygöl rayonuna aid bir obyekti özününkü kimi təqdim etmək yolu ilə olsa belə, Samux sakinlərinin könlünü almağa çalışır».

Məlumatlarda o da deyilir ki, hətta bazarın açılışına ölkənin telekanalları da çəkiliş üçün dəvət edilib: «Bu isə əslində ikinci dəfə prezidentin aldadılması anlamına gəlir. Çünki yuxarılara da eyni qaydada hesabat verilir ki, guya Vilyam Hacıyev rayonda iş görüb və yeni bazar açılıb. Halbuki həmin bazarın Samuxa və Samux camaatına heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, rayonun qonşuluğunda olduğundan samuxlular da bu bazardan alış-veriş edə bilərlər. Onda elə Gəncənin icra başçısı Elmar Vəliyev də eyni haqla gəlib bazarın lentini kəssin. Çünki gəncəlilər də bu bazara yaxındırlar və bu bazardan alış-veriş edə bilərlər».

Rayondakı mənbəmiz onu da vurğuladı ki, amma bu kimi davranışlar belə sakinlərin narazılığının yatırılmasında heç bir rol oynamayacaq: «Artıq insanların canları boğazlarına yığılıb. Bir qığılcım yetər ki, bu gün Samux Qubadan daha da betər olsun».

Mövzu diqqətimizdədir…


Geri qayıt