Əsas Səhifə > Siyasət, Manşet > NEFT ŞİRKƏTİNDƏ GİZLİ MAAŞ ARTIMI ƏMƏLİYYATI

NEFT ŞİRKƏTİNDƏ GİZLİ MAAŞ ARTIMI ƏMƏLİYYATI


5-03-2012, 11:57
NEFT ŞİRKƏTİNDƏ GİZLİ MAAŞ ARTIMI ƏMƏLİYYATI

RÖVNƏQ ABDULLAYEV ARDNŞ MƏMURLARININ KÖNLÜNÜ ALMALI OLDU?

DİA.AZ: - «Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ARDNŞ-də baş verə biləcək qiyamı önləmək üçün bir sıra addımlar atıb». Bu barədə məlumat redaksiyamıza hökumət içindəki mənbələrdən daxil olub. Nazirlər Kabinetindəki mötəbər qaynağın iddiasına görə, keçən il Rövnəq Abdullayev ARDNŞ strukturlarında çalışan kabinet işçilərinin maaşlarını 30 faizə qədər azaltmışdı ki, bu da çox ciddi narazılıq yaratmışdı.

Amma buna baxmayaraq, daha çox korrupsiyalaşmış qurumlardan biri kimi tanınan ARDNŞ-nin məmurları Rövnəq Abdullayevin sözügedən islahatına qarşı gedə bilmədilər: «Elə vəziyyət yaranmışdı ki, fəhlələr rəsmən ARDNŞ məmurlarından çox maaş alırdılar. Demək olmaz ki, bu gün ARDNŞ-da çalışan bütün məmurlar rüşvət alır və elə məmurlar var idi ki, onlar artıq fəhlələrə kəsilən əməkhaqqının altında olan maaşa qane olmurdular və bununla bağlı şikayətlərlər Rövnəq Abdullayevə durmadan ünvanlanmaqda idi».

DİA.AZ-a daxil olan məlumatlara görə, təxminən bir il ərzində davam edən məlum şərait əslində sırf olaraq neft şirkətində çalışan məmurların rüşvətalma imkanlarına hesablanmışdı: «Yəni rəhbərlik əmin idi ki, məmurlar rüşvət alır və onların maaşlarının azaldılması elə də səs-küyə səbəb olmayacaq. Əslində, rəhbərlik haqlı çıxdı. Kimsə narazılığını ifadə etməd. Hətta maaşlara nəzərdə tutulan əlavə mükafatlar, yeməkpulu kimi əlavə ödəmələr də məmurların əməkhaqqılarından tutuldu».

«Lakin vəziyyətin artıq dəyişib» deyən mənbəmiz bildirir ki, təxminən 200-ə yaxın ARDNŞ məmuru bu günlərdə gizli qaydada Rövnəq Abdullayevə məktub ünvanlayıblar: «Onların bu addımlarının məxfiliyində maraqlı olmalarının səbəbləri aydındır. Hər halda, səs-küylə hansısa problem hələ həll olunmayıb. Əksinə vəziyyət gərginləşib. Odur ki, ARDNŞ məmurları problemi sakit şəkildə həll etmək istəyiblər və buna da nail olublar».

Mənbəmiz bildirir ki, mart ayının 1-dən etibarən ARDNŞ strukturlarında çalışan bütün məmurların maaşları 52 faiz artırılıb: «Amma nədənsə bu məsələ də ictimailəşmədi. Ola bilsin ki, Rövnəq Abdullayev özünün bu addımının qəhrəmanlıq olmadığının fərqindədir. Çünki 200 narazı ARDNŞ məmuru rəhbərlərinə etdikləri müraciətlərində maaşlarının qaldırılmayacağı təqdirdə istefa verəcəklərini də bəyan etmişdilər».

Bütün bu baş verənlərin Rövnəq Abdullayevin geri çəkilməsi anlamına gəldiyini idda edən mənbəmiz onu da vurğuladı ki, maaşartımının yalnız məhdud bir kontingentə şamil olunması indi də dövlət neft şirkətində çalışan fəhlələrin etirazına nədən ola bilər: «İndi isə məmurlarla fəhlələr arasında daha ciddi uçurum yaranıb. Bir yandan rüşvətalma imkanları, digər yandan da yüksək maaş ARDNŞ-da çalışan məmurların hər birinin az qala «ərəb şeyxinə» çevrilməsinə nədən ola bilər. İşin əziyyətini çəkən fəhlələrin baş verənləra seyrçi qalacağını söyləmək də doğru deyil. Artıq ayrı-ayrı mədənlərdə çalışan neftçilərin narazılığının «yuxarılara» çatdırılması faktları da var».

Mövzu diqqətimizdədir.


Geri qayıt