Əsas Səhifə > Gündəm, Manşet > ŞƏMKİRDƏ DƏ VƏZİYYƏT QARIŞIB

ŞƏMKİRDƏ DƏ VƏZİYYƏT QARIŞIB


3-03-2012, 13:17
ŞƏMKİRDƏ DƏ VƏZİYYƏT QARIŞIB

DÜNƏN AXŞAMDAN RAYONA ƏLAVƏ POLİS QÜVVƏLƏRİ GÖNDƏRİLİB

DİA.AZ: - Deyəsən, Quba olayları bir çox rayonların narazı sakinləri üçün siqnal rolunu oynadı. Hər halda, Qubada baş verənlərin bütün Azərbaycan ərazisində çox ciddi əks-səda yaratması faktı ilə hər kəs barışmaqdadır.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, sakinləri etiraza qalxan rayonlar arasında Şəmkir də var. Rayondakı qaynağın bildirdiyinə görə, dünən axşam saatlarından yerli polis gücləndirilmiş iş rejiminə keçib və hətta Bakıdan əlavə qüvvə də çağrılıb:

«Hər şey yerli sakinlərin mitinq keçirmək niyyətindən sonra baş verdi. Hələlik ideya şəklində verilən qərar yerli hüquq-mühafizə orqanları tərəfindən çox sərt qarşılanıb. Mitinq gələn həftənin birinci gününə planlaşdırılır. Amma indidən həbslər başlayıb. Yerli müxalifət nümayəndələri də polisə çağrılıb».

Mənbəmiz bildirdi ki, Bakıdan Çevik Polis Alayanın 200 əməkdaşı Şəmkirə göndərilib: «Hakimiyyət baş verə biləcək hadisələri indidən önləmək istəyir. Amma camaatın icra hakimiyyətinin qarşısında mitinq keçirmək niyyəti qətidir. Əhali sosial problemlərin həllini tələb edəcək».

Şəmkirdə əksər kişilərin Rusiyaya dolanışıq dalınca getdiyini bildirən mənbəmiz vurğuladı ki, rayonda iş yerlərinin olmaması ailələrin başsız qalması artıq yerli sakinlərin canını boğazına yığıb: «Hələlik şüarlar sosial xarakterli olacaq. Və eyni camanda icra başçısının da istefası istəniləcək».


Geri qayıt