Əsas Səhifə > Cəmiyyət > RAMİZ MEHDİYEV JURNALİSTLƏRDƏN QAÇDI

RAMİZ MEHDİYEV JURNALİSTLƏRDƏN QAÇDI


2-03-2012, 19:46
RAMİZ MEHDİYEV JURNALİSTLƏRDƏN QAÇDI

PA RƏHBƏRİ QUBADAN NİYƏ DANIŞMAQ İSTƏMƏDİ?

Yüksək vəzifəli məmurlar istənilən yolla Quba hadisələri haqqında söhbətdən qaçırlar. Belə ki, bu gün İKT –in beynəlxalq konfransı zamanı jurnalistlər Prezident Administrasiyasının rəhbərinə Quba hadisələrinə münasibət bildirmək xahişi ilə müraciət ediblər. Lakin o, özünü eşitməzliyə vuraraq, sadəcə sualdan qaçıb. Kiçik yoldaş Əli Həsənov da eynilə belə edib. O da Qubada baş verənlər haqqında suala cavab verə bilməyib.

Hətta ombudsman Elmira Süleymanova da Turanın Qubada baş verənlər haqqında sualını eşidən kimi nitqini itirib.

Vitse-spiker Bahar Muradova bir qədər cəsarətli çıxıb. Lakin o, Qubadakı hadisələri iğtişaş hesab etmir (!).

“Azərbaycanda söz və ifadə azadlığı var, vətəndaşlar bu və ya digər məsələlərlə bağlı narazılıqlarını ifadə edə bilərlər, bu, normal haldır və onların konstitusion hüququdur”, deyə o bildirib.

Eyni zamanda, o hesab edir ki, icra hakiminin çıxışının bu qədər gec yayılması təsadüfi deyil və qərəzli niyyətdən xəbər verir. “Hesab edirəm ki, hüquq-mühafizə orqanları bunu araşdıracaqlar”.

Parlamentin insan hüquqları komitəsinin rəhbəri Rəbiyət Aslanova vətəndaşların şəxsi əmlakının korlanmasının yolverilməz olduğunu bildirib.

“Şəxsi əmlak toxunulmazdır. İcra hakiminin evi və digər əmlakının qanuniliyini müvafiq orqanlar müəyyən etməlidir. Biz hüquqi dövlətdə yaşayırıq və bu əməllər mənfi proseslərə səbəb ola bilər. Narazılığı qanuni yolla ifadə etmək və müvafiq qurumlara müraciət etmək olar”, deyə o, dövlət məmurunun iki il ərzində üçmərtəbəli villanı və çoxsaylı obyektləri hansı vəsaitlə tikdiyi barədə suala cavabda bildirib.


Geri qayıt