Əsas Səhifə > Hadisə, Manşet > GÖMRÜYÜMÜZ “NESTLE” FİRMASINI BEZDİRDİ

GÖMRÜYÜMÜZ “NESTLE” FİRMASINI BEZDİRDİ


2-03-2012, 14:16
GÖMRÜYÜMÜZ “NESTLE” FİRMASINI BEZDİRDİ

İSVEÇRƏNİN ŞİRKƏTİ AZƏRBAYCANLA TİCARİ ƏLAQƏLƏRƏ SON QOYDU

DİA.AZ: - Yeyinti məhsullarının aparıcı tədarükçüsü, İsveçrənin Nestle şirkəti Azərbaycanla ticari əlaqələri dayandırıb. Bu gözlənilməz addıma səbəb yerli distribütor şirkətin Azərbaycanın gömrük orqanları ilə maliyyə münasibətlərindəki korrupsiya faktlarıdır.

“Aylin” şirkətində (Nestle-nin Azərbaycanda eksklüziv distribütoru) aparılan regional audit korrupsiya faktları aşkarlayıb. Bu barədə Nestle-nin İsveçrədəki mərkəzi ofisinə məlumat verilib. Nəticədə Nestle şirkəti Azərbaycanla ticari əlaqələri dayandırıb. Bu barədə Turan-a məlumatlı mənbə bildirib.

“Aylin” MMC-də Nestle-nin Azərbaycana brend tədarükünü dayandırdığını təsdiq ediblər. «Məhsul ehtiyatı 1-2 ay yetər. Ona görə mal kiçik partiyalarla nağd yolla buraxılır», deyə şirkətdə bildiriblər.

Beləliklə, yaxın vaxtlarda Nestle məhsulları mağaza piştaxtalarından yoxa çıxacaq.

«Azərbaycanda gömrük yerli bazara qanunsuz təzyiq alətidir», deyə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev Turan-a bildirib. O qeyd edib ki, gömrük xidməti idxal-ixrac əməliyyatının iştirakçılarına qeyri-rəsmi nəzarət edir. Neft-qaz sektorunda xüsusi rejim kontraktları çərçivəsində işləyən servis şirkətləri istisna təşkil edir. «Xarici-iqtisadi fəaliyyətin qalan subyektləri hakimiyyətin üst qatında olanlar və “oyun qaydaları” ilə razılaşan özəl şirkətlərdir», deyə Mehdiyev bildirib.

İTY təmsilçisi hesab edir ki, məhz sistemli korrupsiya faktları Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbuluna mane olur. Bu qurumla 15 ildir danışıqlar gedir.

Nestle Azərbaycana əsasən kofe, uşaq yeməyi və qənnadı məmulatı tədarük edirdi.

Turan-ın məlumatına görə, Nestle həmişə Azərbaycanda vicdanlı biznes aparılmasında israr edib, gömrük və vergi orqanlarına rüşvət verməyi arzu etməyib. Ona görə biznesi bu strukturların təzyiqinə məruz qalıb.

Azərbaycanda praktik olaraq bütün biznes subyektləri ikili mühasibat prinsipi ilə işləməyə məcbur edirlər. Bu, rəsmi vergi ödənişindən yayınmağa, iqtisadiyyat və siyasi sistemə nəzarət edən yüksək rütbəli məmurların hesabına pul ödənilməsinə şərait yaradır.


Geri qayıt