Əsas Səhifə > Hadisə, Manşet > QUBADA YENİ HƏBS DALĞASI

QUBADA YENİ HƏBS DALĞASI


2-03-2012, 13:33
QUBADA YENİ HƏBS DALĞASI

DÜNƏNDƏN HƏBSDƏ SAXLANILANLAR VAR; ZİYA MƏMMƏDOV BAKIYA GƏLİR

DİA.AZ: - Qubanın rayon mərkəzində sakitlik olsa da, martın 1-də aksiya keçirilən meydanda hələ də post-patrul xidməti maşınları dayanmaqdadır. İcra hakimiyyəti və polis şöbəsinin qarşısında da polis əməkdaşları var.

Rayonda olan Baş Prokurorluq əməkdaşlarının hazırda aksiyaların keçirildiyi meydanda çəkilişlər apardıqları bildirilir. Cinayət işi ilə əlaqədar adamların polisə və rayon prokurorluğuna dəvət olunduğu barədə də məlumatlar var.

Rayon sakinlərinin verdiyi məlumata görə, indiyə qədər 15-ə qədər adam polisə aparılıb.

Bu arada bildirək ki, Quba rayon İcra Hakimiyyətindəki müşavirə başa çatıb.

Nəqliyyat naziri Ziya Məmmədov, deputat Vahid Əhmədov müşavirədən çıxıblar.

Z.Məmmədov iclasın nəticələri barədə məlumat verməyib.

V.Əhmədov isə jurnalistlərə deyib ki, iclasda icra başçısının səlahiyyətlərinin keçmiş icra başçısı müavini Sahib Məmmədova həvalə olunması müzakirə olunub.

O, cinayət işi ilə əlaqədar polisə çağırılanlarla bağlı şərh verməyib.

AzadlıqRadiosunun Qubaya ezam edilən müxbirləri xəbər verirlər ki, dünən saxlanan yerli sakinlərdən bəziləri hələ də buraxılmayıblar. Onlardan biri də 21 yaşlı Samir Xammədovdur.

Bu barədə AzadlıqRadiosunun müxbirlərinə Samir Xammədovun ailə üzvləri məlumat veriblər. Samir Xammədovun bacısı deyib ki, polisdə valideynlərinə bildiriblər ki, oğlunuz Bakıya aparılacaq.

Martın 1-i axşam saatlarında aksiya iştirakçıları ilə danışıqlar aparan deputat Vahid Əhmədov demişdi ki, tutulan 22 nəfərdən 20-si buraxılıb. Qalan 2 nəfər də buraxılacaq. Yalnız bu vəddən sonra etirazlar səngimişdi...

DİA.AZ əməkdaşı bildirir ki, artıq Ziya Məmmədov rayonu tərk edib və bu zaman jurnalistlərin suallarına da cavab verməyib. Yalnız onlara “xoşbəxt olun” deməklə kifayətlənib.


Geri qayıt