Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVA QARŞI QİYAM TƏDARÜKÜ
MİSİR MƏRDANOVA QARŞI QİYAM TƏDARÜKÜ2-03-2012, 11:27 |
MART AYINA GÖZLƏNİLƏN MÜƏLLIMLƏR İNQİLABI NAZİRİ BİTİRƏCƏK DİA.AZ: - Bu ilin yanvar ayından etibarən Azərbaycanın təhsil sistemində müəllimlər arasında kütləvi narazalıq yaşanmağa başlayıb. Xüsusilə də kənd rayonlarında işləyən müəllimlərlə bağlı ciddi problemlər ortaya çıxmaqdadır. Bir qədər əvvəl mətbuatda verilən məlumatlardan da aydın olurdu ki, hökumət daxilində Nazirlər Kabinetinin bir qərarı ilə Maliyyə Nazirliyinin başlatdığı kampaniya artıq təhsil naziri Misir Mərdanovun ağır duruma düşməsi ilə nəticələnib. Maliyyə naziri Samir Şərifovla Misir Mərdanov arasında yaşanan narazılıq, rayonlarda Təhsil Şöbələri ilə Maliyyə İdarələri arasında da özünü biruzə verməyə başlayıb. Qeyd edək ki, Maliyyə Nazirliyi yanvar ayından əvəzetmə qaydasında həftədə 24 saatdan artıq dərs keçmiş müəllimlərin məvacibini vermək imtina etdi. Bildirək ki, Nazirlər Kabinetinin 2010-cu il 10 noyabr tarixli sərəncamına əsasən, orta məktəblərdə müəllimlərin həftəlik dərs yükü 24 saat müəyyənləşdirilib. Misir Mərdanov da 2011-ci il fevralın 1-də bu sərəncamdan irəli gələn əmr imzalayıb. Yeni qayda isə həmişə olduğu kimi, yenə də müəllimlərin başında çatlayıb. Maliyyə Nazirliyi maaşların köçürülməsi zamanı Nazirlər Kabinetinin sərəncamını və Təhsil Nazirliyinin verdiyi əmri əsas götürür. Maliyyə Nazirliyinin bu mövqeyinin qarşısına təhsil naziri Misir Mərdanov başqa bir sərəncamla çıxmışdı. Təhsil nazirliyi 24 saata qədər əsas dərs yükü olmaqla, daha 12 saatın əvəzetmə qaydası ilə ödənilməsinə razılıq verilmişdi. Buna baxmayaraq problem həllini tapmadı. Aparılan araşdırmalar göstərdi ki, əslində mövcud olan bu problemi Sabirabad və Saatlı rayonlarında təhsil şöbələri yeni daxili qaydalara əsasən ödəyiblər. Belə ki, 24 saatdan artıq dərs tədris edən müəllimlərin əlavə əvəzləmə qaydasında aldıqları əmək haqları 10-20-30 manat formasında müəllimlərə ödənilib. Lakin rayonlarda bildiriblər ki, bu da müvəqqətidir və yalnız yanvar ayı üçün tətbiq olunur. Bundan sonra isə yalnız müəllimlərə 24 saatlın dərs yükünün pulu ödəniləcək. Maraqlıdır ki, artıq rayonların hamısının Maliyyə İdarələrinə Maliyyə Nazirliyindən məktub ünvanlanıb ki, artıq konkret olaraq fevral ayının əmək haqlarını ödənilməsi zamanı yaplnız 24 saatlıq dərslərin tədrisinə görə pul ayrılacaq. Bu isə faktiki olaraq o deməkdir ki, mart ayında xüsusilə də Novruz bayramı ərəfəsində müəllimlərmn kütləvi şəkildə etirazları başlaya bilər. Ekspertlərin fikirincə əslində belə bir islahatın həyata keçirilməsi yaxşı haldır.Bu ölkədə müəllimlərin sayının ixtisar edilməsi üçün əlverişlidir. Amma bu islahatlar o halda həyata keçirilməlidir ki, kəndlərdə müəllim kadrları ilə bağlı çatışmazlıqlar da ortadan qalxsın. Məsələ burasındadır ki, indiki 24 saatlıq limit saatı ilə müəllimlərin işləməsi üçün aylıq əmək haqqı 240 manata yaxın edir. Bu isə kifayət qədər az məbləğ deməkdir. Bundan başqa nəzərə almaq lazımdır ki, əmək haqlarının aşağı olması səbəbindən kəndlərdə müəllim kadrları çatışmazlığı yaranıb. Məsələn 2011-ci ilin sentyabr ayından etibarən Misir Mərdanovun əmri ilə müəllimlərin işə götürülməsi qaydalarına dəyişiklik edilib. İşə götürülmə qaydaları boş vakansiyalar üzrə Təhsil Nazirliyinin həyata keçirdiyi və «Dövlət qulluqçularının işə qubulu haqqında» qanuna uyğunlaşdırılıb. Məhz test imtahanları qaydasında müəllimlərin seçilməsi həyata keçirilməyə başlayandan sonra orta məktəblərdə müəllim çatışmazlıqları da meydana çıxıb. Məsələ burasındadır ki, bu problemin yaranmasında istənilən halda dövlətin həyata keçirilməli olan islahatlarıneın ləngiməsi xüsusi rol oynayır. Məsələn 2011-ci ili naprel ayında dövlət başçısının müvafiq sərəncamı ilə müəllimlərin dövlət qüllüqçülarının xüsusi statusuna aid edilməsi haqqında məqamlar var idi. Prezidentin imzaladığı bu sərəncama əsasən Nazirlər Kabineti 3 ay ərzində qaydaları təsdiqləməli, Milli Məclis isə müvafiq qanun qəbul etməliydi. Lakin bir ilə yaxın vaxt ötməsinə baxmayaraq hələ də müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi baş tutmayıb. Əgər bu islahatlar həyata keçirilsəydi, təbii ki, avtomatik olaraq müəllimlərin əmək haqları da artacaqdı. Bundan sonra isə yuxarıda qeyd edilən 24 saatlıq limitin tətbiq edilməsi mümkün olardı. Lakin əmək haqlarının artırılmadığı bir təqdirdə müəllimlərin əmək haqlarının azaldılması, ən azından kəndlərdə 100 minlərlə saat dərs yükünün keçilməmiş, tədris edilməmiş qalmasına gətirib çıxaracaq. Nəticə etibarilə də müəllimlərin əmək haqları azalacaq, kənd orta məktəblərində onsuz da aşağı olan tədrisdə ciddi problem yaranacaq. DİA.AZ-a daxil olan məlumatlara əsasən gözlənilən kütləvi etirazların bir qədər intensivləşməsində Misir Mərdanov da katalizator rolunu oynayır. Belə ki, təhsil naziri bu yaxınlarda müəllimlərin diplomlarının yoxlanılması ilə bağlı böyük bir kampaniyanın başında dayanırdı. Maraqlıdır ki, məhz diplomların saxta olub-olmadığını yoxlamaq məqsədilə həyata keçirilən bu yoxlamalardan sonra da yüzlərlə kənd müəllimi işini itirməli oldu. Nəticə etibarilə də onsuz da az olan müəllimlərin sayı bir qədər də azaldı. İndi isə hakimiyyət müəllimlərlə bağlı həyata keçirdiyi bu sərt islahatları ilə əslində Azərbaycanda hər kəsi kifayət qədər ağır duruma düşürüb. Gözlənilən odur ki, mart ayına qədər ölkədə baş verə biləcək istənilən narazılığa onsuz da çoxdan istefaya hazırlanan Misir Mərdanov qurban verilsin. Geri qayıt |