Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏTƏ QUBALI DƏRSİ

HAKİMİYYƏTƏ QUBALI DƏRSİ


1-03-2012, 13:53
HAKİMİYYƏTƏ QUBALI DƏRSİ

BAŞ QALDIRAN XALQ ÜSYANLARI BÜTÜN AZƏRBAYCANI BÜRÜYƏ BİLƏR

DİA.AZ: - Bəli, artıq xalq illərdir davam edən təhqirlərə dözmək niyyətində deyil. Bunun bir nümunəsi bu gün Qubada yaşandı. Xalq onu təhqir edən rayon rəhbərinə hiddətini nümayiş etdirdi. Qubalıları aıq mətnlə təhqir edən, «nankor», «satqın» adlandıran icra başçısı Rauf Həbibov əslində öz əlamində özünü yanlış buraxamış kimi hiss edirdi.

Əgər belə olmasaydı, o, vəziyyətin bu həddə qədər inkişafına səbəb olacaq davranışlarda bulunmazdı. Az qala 10 günə yaxındır ki, onun qubalılarla bağlı bir dar köşədə söylədiyi təhqirlər ictimailəşib. On gündür ki, hər kəs bundan danışır. Amma bu on günlük müddət yetərli olmadı ki, Rauf Həbibov qubalılardan üzr istəsin.

Əksinə, bu gün - neçə gündür haqqını müdafiə edəcəyini bəyan edən qubalıların əsəblərinin tarıma çəkildiyi gün Rauf Həbibov onlardan üzr istəməklə işini bitmiş hesab etdi. Amma yanıldı. Qubalılar artıq səbr kasalarının daşdığını nümayiş etdirərək, hər yanı alova qərq etdilər.

Gözlənilən idi də. Və bundan nə hakimiyyətin qəzəblənməsi lazımdır, nə də hansısa hakimiyyət yanlısının. Çünki günahkar, tək səbəbkar Rauf Həbibovdur. Burada kimisə hansısa qarışıqlıq salma əməlinə görə həbs etməyə də ehtiyac yoxdur. Tək qolları qandallanmalı olan şəxs icra başçısıdır.

Məhz onun sayəsində vəziyyət bu həddə çatdı.

Amma yenə də gec deyil. Yox, Qubada iş artıq bitib. Gec ona görə deyil ki, hər gün sakinləri aşağılanan digər rayonların sakinləri də Quba təcrübəsinə müraciət edə bilərlər. Bunun qarşısını indidən almaq olar. İndidən hər bir icra başçısı xalqın qarşısına çıxıb üzr istəyərsə, vəziyyət düzələ bilər. Təbii ki, iş tək üzr istəməklə bitmir, etdikləri əməllərin müqabilini ödəməklə yanaşı, həm də vəziyyətin yaxşılığına doğru addımlar atmalıdırlar.

Əks halda, Qubada baş verən, Qubada atəşlənən əsəblər bütün Azərbaycanı üsyan alovuna qərq edə bilər.

Bunu düşünməyinə dəyər…


Geri qayıt