Əsas Səhifə > Siyasət, Manşet > NAZİRİN QOHUMUNUN MÖHTƏŞƏM TOYU

NAZİRİN QOHUMUNUN MÖHTƏŞƏM TOYU


1-03-2012, 13:13
NAZİRİN QOHUMUNUN MÖHTƏŞƏM TOYU

FAZİL MƏMMƏDOVUN YEZNƏSİ XAN-QƏRVƏNDDƏ LAP «FESTİVAL» DÜZƏNLƏYİB

DİA.AZ: - Məmurlarımızın və onların yaxın çevrələrinin sıradan Azərbaycan vətəndaşının təsəvvür edə bilməyəcəyi bir həyatı yaşaması faktdır. O da faktdır ki, öz əyləncələrinə və yaşayışlarına külli-miqdarda pulu sərf edən məmurlar həmin gəlirləri məhz həmin sıradan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədən ayrılan vəsaitləri oğurlamaqla əldə edirlər.

Buna görədir ki, bu gün məmurlarla xalqın sosial rifah müqayisəsi aparıldıqda aradan böyük bir uçurumun olduğunu asanlıqla görmək mümkündür. Bu uçurum isə günü gündən dərinləşir və bu uçurumun aradan qaldırılması üçün heç bir addımın atılmamsı insanların psixoloji durumuna da birbaş olaraq mənfi təsir göstərməkdədir. Özünüz təsəvvür edin, övladlarının minimum yaşayışını təmin edə bilməyən bir ata hansısa məmur oğlunun yüz minləri hansısa müğənninin ayaqları altına səpələməsini hansı əhval-ruhiyyə ilə seyr edə bilər? Bir sözlə, vəziyyət sözün əsl mənasında kritik həddədir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə bir komfortlu həyatı yaşayanlardan biri də Vergilər Naziri Fazil Məmmədovun özü və yaxın qohumlarıdır. Məlumatlı mənbənin bildirdiyinə görə, bu günlərdə Goranboy rayonunun Xan-Qərvənd kəndində nazir Fazil Məmmədovun yeznəsi övladına toy mərasimi düzənləyib. Təbii ki, hər kəs övladının xeyir işini görmək nəsibində haqlıdır.

Amma burada bir maraqlı məqam var ki, həmin toy mərasimini goranboylular hələ xeyli müddət unutmayacaqlar. Belə ki, həmin toy mərasimində 27 məşhur müğənninin iştirak etdiyini söyləyən kənd sakinləri bildirdilər ki, bir müğənninin Goranboya gətirilməsi üçün ən azından 8-10 min manat pul tələb olunur: «Deməli, ən pis halda, təkcə müğənnilərin dəvətinə 200 min manat pul xərclənib. Bu, hələ harasıdır? Həmin müğənnilər Naftalandakı «Cinar» sanatoriyasında 3 gün müddətində qonaq da saxlanılıblar. Bu da əlavə xərcdir».

Mənbəmiz bildirir ki, bu dəmdəstgahlı toy Xan-Qərvənd sakinlərinin heç də ürəyincə olmayıb: «Kəndin o qədər problemləri var ki, yaxşı olardı həmkəndlimiz bu problemlər üçün həmin pulları xərcləyərdi. 3 gün «Azenko»nun transfarmatorları toyu işıqlandırıblar. Ayrı vaxtı kənddə işıq problemi olur. Bu şəkildə də davranmaq olmaz axı»…

Hər halda, bu faktın özü belə aradakı uçurumun təzaşürü kimi qəbul edilməlidir. Uçurum isə günü gündən dərinləşir…


Geri qayıt