Əsas Səhifə > Ölkə > AMERİKADAN AZƏRBAYCANA DOSTLUQ ŞƏRTİ

AMERİKADAN AZƏRBAYCANA DOSTLUQ ŞƏRTİ


1-03-2012, 12:51
AMERİKADAN AZƏRBAYCANA DOSTLUQ ŞƏRTİ

“DEMOKRATİK AZƏRBAYCAN ABŞ-IN DOSTU OLACAQ”

Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Vaşinqtonda təşkil edilən ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyinə həsr edilmiş konfransda çıxış edib.

O, Amerika-Azərbaycan əlaqələrinin təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratik islahatları əhatə etdiyini bildirib.

F.Qordon Azərbaycanın qlobal təhlükəsizlikdə rolunu qeyd edib. O, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv olmasını xatırladıb. Onun fikrincə, Azərbaycanın üzv kimi BMT-də İrana qarşı sanksiyaların qəbulunda rolu var.

Dövlət katibinin köməkçisi Dağlıq Qarabağ münaqişəsindən danışarkən Amerikanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu bildirib: “Amerika ATƏT-in Minsk Qrupunun həmsədri kimi davamlı sülhə nail olunması üçün tərəflərlə əməkdaşlıq edir”. Onun fikrincə, münaqişənin həlli regional inkişafa ciddi təkan verə bilər.

F.Qordon Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq sülhə verdiyi töhfələri yüksək qiymətləndirib. “Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı fəaliyyəti xüsusi qeyd edilməlidir», - vurğulayıb.

F.Qordon Azərbaycanın NATO qüvvələrinin təchizatı üçün Əfqanıstana yük daşımalarında rolunu yüksək qiymətləndirib: “Bu, həyati əhəmiyyətə malikdir. Əfqanıstana gedən minlərlə Amerika təyyarəsi Azərbaycan ərazisindən tranzit kimi istifadə edir”.

F.Qordon enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığın tarixinə nəzər salıb. O bu gün uğurla çalışan Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini misal kimi göstərib.

Dövlət katibinin köməkçisi Azərbaycanda demokratiya və islahatlar sahəsindən də danışıb. “Biz Azərbaycanın müasir demokratik dövlətə, regional və qlobal liderə çevrilməklə bağlı hədəfinə çatmasını arzu edirik. Azərbaycanın bu sahələrdəki irəliləyişi əlaqələrimizi genişləndirməyə kömək edəcək. Güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan daim ABŞ-ın dostu və tərəfdaşı olacaq”, - o qeyd edib.


Geri qayıt