Əsas Səhifə > Hadisə, Manşet > QƏRİB MƏMMƏDOVUN İŞÇİLƏRİ AT OYNADIR

QƏRİB MƏMMƏDOVUN İŞÇİLƏRİ AT OYNADIR


29-02-2012, 14:33
QƏRİB MƏMMƏDOVUN İŞÇİLƏRİ AT OYNADIR

DTXK SƏDRİNİN TOXUNULMAZLIĞI MƏMUR ÖZBAŞINALIĞINI ARTIRIB

DİA.AZ: - Bir müddət əvvəl parlamentdə bələdiyyələrə yaradılan süni problemlərin müzakirəsi zamanı deputat Arif Rəhimzadə birbaşa olaraq ad çəkməsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədovun ünvanına çox sərt ittihamlar səsləndirməklə yanaşı, sözügedən dövlət komitəsini bələdiyyələrə açıq-aşkar mane törətməkdə və bu zaman qanunları pozmaqda ittiham etdi.

Əslində Qərib əmmədovun bu şəkildə hədəfə alınması artıq bir vərdişə çevrilsə də, hələ də onunla bağlı hansısa ölçü götürülmür. Doğrudur, bu gün qəzetlərdə «Qərib Məmmədov həbs olunur», «Qərib Məmmədovu işdən çıxarırlar» kimi başlıqlı yazılara daha çox rast gəlinir. Amma buna rəğmən kimsə DTXK rəhbərinə «gözün üstündə qaşın var» demir və yazılanların fonunda Qərib Məmmədovun mövqeləri daha da möhkəmlənir.

Onu da bildirək ki, Qərib Məmmədovun bu şəkildə toxunulmazlığı onun yerlərdəki adamlarının da əl-qolunu açması ilə müşaiyət olunur. Nəticədə incidilən sıravi vətəndaşlar olur. Hər halda, cəzasızlıq şəraitində bu kimi halların yaranması da təbii qarşılanmalıdır. Əgər bu gün hansısa fakta görə kimsə sorğu-sual edilmirsə, vəziyyət daha da şiddətlənməlidir.

Belə özbaşınalıq faktlarından biri də Masallıda qeydə alınıb. Belə ki, rayonun Yeyənkənd kəndinin sakinləri bildiriblər ki, onlara məxsus pay torpaqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Masallı rayon şöbəsi tərəfindən qeyri-qanuni olaraq satışa çıxarılıb.

Həmin torpaqlardan 1 hektarının sahibi olan Simran Abbasov DİA.AZ-ın əməkdaşlarına bildirib ki, onlara məxsus pay torpaqları 0,06 ha hissələrə bölünərək ayrı-ayrı adamlara satılır. O qeyd edib ki, 4 ailəyə məxsus olan torpaqların qeyri-qanuni olaraq satılmasının qarşısını ala bilmirlər. "Həmin ərazi mənə və üç qardaşıma məxsusdur. Bununla bağlı DTXK-nin Masallı rayon şöbəsinin işçiləri ilə söhbətimiz olub. Şöbənin mütəxəssisləri Eynalı Məmmədov, Soltan Nəsirov və Hacı Muxtarın dediyinə görə, guya ölkə başçısının fərmanına əsasən Heydər Əliyevin dövründə əhaliyə verilmiş pay torpaqlarının satışı mümkündür".

Məsələni dəqiqləşdirmək üçün DTXK-nin Masallı şöbəsinin müdiri Hamil Hadıyevin də qəbulunda olan Yeyənkənd kəndinin sakinləri oradan da analoji cavab alıblar. Ən maraqlısı isə Hamil Hadiyevin Abbasovlar ailəsinə verdiyi cavabdır. O deyib: "Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, dövlətimizə nə olub ki? Dövlətin sizə verdiyi 1 hektar torpağı da biz satsaq heç nə olmayacaq".

Simran Abbasov bildirir ki, indiyə qədər dövlət başçısı da daxil olmaqla, bütün aidiyyatı qurumlara 40-dan artıq müraciət göndəriblər. Amma onların heç birindən cavab gəlməyib. "Hal-hazırda bizə məxsus pay torpaqlarında yaşayış evləri tikilir. Etdiyimiz müraciətlərə də heç bir cavab verilmir. Bu qanunsuzluğun qarşısının alınmasını istəyirik".

Hər halda, artıq “ölməz Kaşey” adını almış Qərib Məmmədovun işçilərindən bundan artığını gözləməyinə dəyməz.

Mövzu diqqətimizdədir. Bizi izləyin...


Geri qayıt