Əsas Səhifə > Hadisə, Manşet > HAKİMİYYƏT KİMİ QURBAN VERƏCƏK?

HAKİMİYYƏT KİMİ QURBAN VERƏCƏK?


29-02-2012, 14:07
HAKİMİYYƏT KİMİ QURBAN VERƏCƏK?

2005-Cİ İLİN 17 OKTYABR HADİSƏLƏRİNİN BƏNZƏRİ YAŞANILA BİLƏR

DİA.AZ: - Hakimiyyət keçən ilin əvvəllərindən start düyməsini basdığı antikorrupsiya tədbirlərini demək olar ki, yekunlaşdırmaq üzərədir. Xatırladaq ki, iqtidar cinahı bu tədbirlərin kampaniya yox, siyasət olmasında israr etsə də, əslində baş verənlər AXCP sədri Əli Kərimlinin təbirində ifadə olunan şəkildən kənara çıxmadır: məmurlarımız rüşvət pəhrizinə oturublar.

Həqiqətən də məsələ məhz bu yöndə cərəyan etdi və artıq bütün istiqamətlərdə, dövlət qurumlarında rüşvət pəhrizi dönəmi başa çatıb. Doğrudur, bu dönəmdən hakim komanda müəyyən itki ilə çıxmaq zorunda qaldı. Amma bu da olmalı idi. Çünki rəsmi dairələrin israrlarına baxmayaraq, antikorrupsiya kampaniyasının bir layihə olması və bu layihənin icrası məqsədilə Dünya Bankı tərəfindən 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması faktını cəmiyyətdən gizlətmək mümkün olmadı.

Elə buna görə də, bir-iki xırda ranqlı məmurunu ifşa etmək zorunda qalan rəsmi Bakının Dünya Bankına yönəlik «biz iş görürük» şəklində bir jestə bərk ehtiyacı var idi. Amma beynəlxalq maliyyə təşkilatının Azərbaycan iqtidarının bu türlü gedişlərini səmimiyyətlə qəbul etmədiyi aydın olur. Bu barədə əvvəlcədən də müxtəlif KİV vasitələrində müəyyən məlumatlar yer almışdı. Və bildirək ki, həmin xəbərlərdə də vurğulanırdı ki, prosesin əsas sponsoru olan Dünya Bankı rəsmi Bakıdan daha samballı addımların atılmsını tələb edir.

Amma Azərbaycan iqtidarı yenə də iradları qulaqardına vuraraq, xırda məmur korpusunda müvəqqəti həyəcan hesabına öz korrupsiya hesabatını tamamlamış oldu. Bunun isə Dünya Bankı tərəfindən yenə də qəbul edilmədiyi və yetərli hesab olunmadığı bildirilir. Bu barədə redaksiyamıza Nazirlər Kabinetindəki qaynaqlardan çox ilginc materiallar daxil olub. Əlimizdəki sənədlərdən aydın olur ki, beynəlxalq maliyyə təşkilatı rəsmi Bakını bir neçə dəfə daha ciddi olmağa çağırıb və addımlarında ciddiliyin qorunmasını tələb edib.

Bu barədə mötəbər qaynağın DİA.AZ-a söylədikləri: «Dünya Bankı rəsmi Bakıdan adı korrupsiyada halandırılan istiqamətlərə rəhbərlik edən şəxslərin cəzalandırılmasını və ən azından onlardan birinin həbsini tələb edirlər».

Qeyd edək ki, bu vaxta qədər keçirilən rəy sorğularında, eləcə də Azərbaycanla bağlı açıqlanan beynəlxalq hesabatlarda daha çox korrupsiyalaşmış dövlət qurumları aşağıdakı şəkildə sıralanıb:

- gömrük;

- təhsil;

- səhiyyə;

- vergilər;

- ədliyyə;

- polis və s.

Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, daha çox gömrük orqanlarındakı özbaşınalıqlar səbəbindən bu istiqamətdə cidi addımların atılmasını tələb edən beynəlxalq dairələr sosial müdafiə müstəvisindəki tədbirlərin alqışlandığını xüsusi olaraq vurğulamaqla yanaşı, digər dövlət qurumlarının məlum prosesdən kənrarda tutulduğunun anlaşılmaz olduğunu da bildirirlər: «Məsələn, gömrük və səhiyyə sistemi demək olar ki, korrupsiya ilə mübarizə məsələsində kənarda saxlanıldı. Təhsil sistemindəki kosmetik islahatlar isə yetərli hesab oluna bilməz. Odur ki, beynəlxalq təşkilat daha ciddi addımın atılmasını tələb edir və rəsmi Bakının bu yöndə xərclənmiş 1 milyard ABŞ dolları həcmində olan vəsaitin özünü belə korrupsiyaya uğratdığı qənaətini ortaya qoyur».

Bu arada bir başqa mənbənin sözlərindən belə aydın olur ki, yuxarı dairələrdə korrupsiyaya batmış bəzi nazir-oliqarxların vəzifədən uzaqlaşdırılaraq həbs ediləcəyi danışılır. Artıq bu prosesə start verilib. Son günlər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətində olan şirkət və müəssisələrdə ciddi yoxlamalar başlanılıb. Artıq "Azenko" şirkətində aparılan yoxlamalar bunu deməyə əsas verir. Həmçinin mənbə bildirir ki, Kərəm Həsənov hakimiyyətdə olan əsas dayaqlarından bir neçəsinin itirdikdən sonra daha çətin və çıxılmaz vəziyyətə düşüb.

Qərb və ABŞ-ın iqtisadi elitasında monopoliyaya qarşı mübarizə aparan, islahatlara meylli fiqur kimi tanınan Fərhad Əliyevin azad olunması isə Kərəm Həsənova problem yaradacağı ilə nəticələnə bilər. Bu baxımdan Rafiq və Fərhad Əliyev qardaşlarının azad olunması barədə yayılan məlumatlar onu göstərir ki, ən yuxarı məqamda adı korrupsiya və monopoliya yaratmaqda hallanan oliqarx-məmurlardan yaxa qurtarmağın vaxtı yetişib. Bu oliqarx-məmurların hansının həbs ediləcəyi, hansınınsa sadəcə, cəzalandırılacağını zaman göstərəcək.


Geri qayıt