Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI-SAHİBKAR DAVASI QIZIŞIR

İCRA BAŞÇISI-SAHİBKAR DAVASI QIZIŞIR


29-02-2012, 13:53
İCRA BAŞÇISI-SAHİBKAR DAVASI QIZIŞIR

QARADAĞIN “ÇAKIR” LƏQƏBLİ BAŞÇISI İŞ ADAMLARININ CANINI BOĞAZINA YIĞIB

DİA.AZ: - Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov rayon sakinlərinə qan uddurur. Icra başçısının əməllərindən ən çox əziyyət çəkənlər sahibkarlardır. Daş karxanaları əllərindən alınan bir qrup insan geri çəkilsə də, mübarizə aparanlar da var. Onlar geri çəkilmək niyyətində deyillər. Hər yerdən əlacı üzülən sahibkarlar Süleyman Mikayılovla haqq-hesabı məhkəmədə həll etmək istəyirlər.

Bu barədə redaksiyamıza iddiaçı Ağahüseyn Ağayev məlumat verib. Onun sözlərinə görə, məhkəmə ədalətsiz qərar çıxarsa, sona qədər mübarizəsini davam etdirəcək: “Bütün vasitələrdən istifadə edəcəyik. Məhkəmələrdən, aksiyalardan, hətta vətəndaşlıqdan imtina etməyə hazırıq. Əgər yerli məhkəmələr qeyri-obyektiv qərar çıxarsa, Avropa Məhkəməsinə qədər gedəcəm”.

A.Ağayev bildirdi ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilova müraciət edib: “Lökbatan qəsəbəsindəki 15 saylı kolxoz bazarı özəlləşdirilib. Rafiq Cəlilov özəlləşdirmə barədə kollektiv ünvanladığımız ərizəyə cavabında yazıb ki, prezidentin fərmanına uyğun olaraq bazar özəlləşdirilib. Bildirim ki, bizə məxsus obyektlər icra hakimiyyətinin sərəncamı ilə tikilib və 20 ilə yaxın orada fəaliyyət göstərmişik. Bazarın özəlləşdirilməsi ərəfəsində Kərəm Həsənova məktub yazıb, bu prosesdə iştirak etmək istədiyimizi bildirdik. Ancaq başçı Süleyman Mikayılov bazarın qapısına boru qaynaq etdirdi və bazarı sökdürəcəyini dedi. Məcbur olub geri çəkildim”.

Sahibkar deyir ki, bazar qanunsuz olaraq özəlləşdirilib: “Əmlak komitəsindən dedilər ki, özəlləşdirmə həyata keçiriləndən sonra obyektləri notariat yolu ilə sizin adınıza keçirəcəyik. Biz 11 nəfər buna razı olmadıq. Iki nəfərin obyekti Rafiq Cəlilovdan alınan qiymətdən 10 qat bahasına öz sahibinə satıldı. Bunun məsuliyyətini Rafiq Cəlilov daşıyır. Məhkəmədə sübut edəcəyəm ki, əmlakım Süleyman Mikayılovun və Rafiq Cəlilovun himayəsi ilə əlimdən alınıb”.

Geri qayıt