Əsas Səhifə > Cəmiyyət, Manşet > RAYONLARDA XOCALI ADINA ALVER

RAYONLARDA XOCALI ADINA ALVER


28-02-2012, 16:52
RAYONLARDA XOCALI ADINA ALVER

“XOCA” FİLMİNƏ BAXNALARI ÜÇÜN ƏHALİDƏN 10 MANATDAN PUL YIĞILIB

DİA.AZ: - Məlum olduğu kimi, fevral ayının 24-də Nizami kinoteatrında ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin “Xoca” filminin nümayişi oldu. Xatırladaq ki, film ermənilərin Dağlıq Qarabağın Xocalı qəsəbəsində törətdiyi soyqırımdan bəhs edir.

Hadisələr 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda cərəyan edir. İki gənc- Əliəkbər və Günel ərizə verib, Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasimi 1992-ci il fevralın 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa- Xocalıya qayıdır.

Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən tam mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya Xocalıya qayıdıb dostları ilə şəhərin və əhalinin müdafiəyə etsin. Bu sualın cavabını onun ürəyi verir...Sonda Əliəkbərin cəsədini Bakıya gətirirlər.

Təbii ki, belə bir filmin çəkilişi böyük bir iş hesab olunmalıdır. Xüsusən də həmin filmin 26 fevral tarixində bütün Azərbaycan ərazisində pulsuz olaraq tamaşaçılara təqdim olunduğu bir halda.

Amma deyəsən, məsələ heç də deyildiyi kimi baş verməyib. Artıq bir neçə rayondan həmin film üçün yerli icra strukturlarının əhalidən adambaşına 10 manatdan pul yığması xəbərini almışıq.

Belə bir xəbəri özünün də aldığını DİA.AZ-a bildirən keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu işdə günahkar olanların cəzalandırılmasını da tələb etdi:

“Belə iyrənclik olmaz. Xocalı bu millətin faciəsidir. Hər şeyi görmüşdük faciədən pul çıxaranları görməmişdik. Bunun arxasında kim dayanıbsa, cəzalandırılmalıdır. Əgər bu işdə filmin yaradıcı heyəti maraqlıdırsa, onlara da ayıb olsun. Əgər icra strukturları tək günahkardırsa, o zaman onları cəzalandırmaq lazımdır”.


Geri qayıt