Əsas Səhifə > Hadisə > SABİRABADDA “BÖYÜK KÜR” TOPLANTISI

SABİRABADDA “BÖYÜK KÜR” TOPLANTISI


28-02-2012, 14:09
SABİRABADDA “BÖYÜK KÜR” TOPLANTISI

SEL QAÇQINLARI DƏRDLƏRİNİ DANIŞDILAR

Fevralın 28- də Sabirabadda “Nurgül” şadlıq sarayında 2010- cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının nəticələrinin aradan qaldırılması problemlərinə həsr olunmuş görüş keçirilib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının təşkilatçılığı ilə keçirilən görüşdə daşqından zərər çəkmiş əhalinin, vətəndaş cəmiyyətinin, yerli və mərkəzi hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.

Yerli mənbələrin Turan-a verdikləri məlumata görə, toplantıda əsas diqqət regionun problemlərinə, həmçinin ölkənin mühüm kənd təsərrüfatı mərkəzi olan Kürətrafı regionda iqtisadiyyatın və sosial infrastrukturun inkişafına dair strateji məsələlərə yönəldilib.

Yerli hakimiyyət nümayəndələri və polis görüşdə iştirak etmək istəyən adamlara maneçilik törətməyə cəhd etsə də, bu, alınmayıb.

“Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, vətəndaşların müxtəlif problemlər üzrə müraciətlərinin analizi təcili həlli tələb olunan bir sıra məsələləri üzrə çıxarıb. Bunların sırasına ziyan dəymiş təsərrüfatı hələ də bərpa olunmayan vətəndaşlara maddi yardımın göstərilməsi, yaz əkini mövsümündə hökumət tərəfindən fermer təsərrüfatlarına əkin materiallarının, yanacaq və texnikanın verilməsi daxildir. “Zərərçəkmiş fermerlərə xüsusi güzəştli kreditlərin verilməsi də təsərrüfatlara ciddi dəstək olardı”, - o bildirib.

O.Gülalıyev bu il Kürətrafı regionun inkişafına dair persperktiv dövlət proqramının qəbul olunmasını təklif edib. Proqram daşqınlardan davamlı müdafiəni, iqtisadiyyatın, infrastrukturun, sosial sahənin inkişafını əhatə edəcək.

Görüşdə qonşu rayonların, o cümlədən Saatlı, İmişli, Şirvan, Hacıqabul və digər rayonların sakinləri iştirak ediblər. Onlar şəffaflıq və effektivliyin artırılması məqsədilə təkliflərin hazırlanmasında və hökumətin təşəbbüslərinin reallaşmasında yerli icma nümayəndələrinin iştirakına dair “Kür” Qərargahının təşəbbüsünü dəstəkləyiblər.

Xatırladaq ki, 2010-cu ildə Kür və Araz çaylarının sahildən çıxması nəticəsində Kürətrafı 8 rayonda 100 min ha ərazini və 20 min evi su basıb.


Geri qayıt