Əsas Səhifə > Gündəm, Manşet > ARZU RƏHİMOV HƏRƏKƏTƏ KEÇDİ

ARZU RƏHİMOV HƏRƏKƏTƏ KEÇDİ


28-02-2012, 12:32
ARZU RƏHİMOV HƏRƏKƏTƏ KEÇDİ

HƏRBİ KOMİSSARLIQLARDA KÜTLƏVİ İXTİSARLAR BAŞLAYA BİLƏR

DİA.AZ: - Xəbər verildiyi kimi, «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunun tətbiqi ilə əlaqədar olaraq hərbi komissarlıqlar ləğv edilib. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqların səlahiyyəti yeni yaradılan hərbi quruma - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilib. Qurumun rəhbəri postuna isə Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbəri general Arzu Rəhimov təyin edilib.

Məlum dəyişiklik cəmiyyətdə birmənalı qəbul olunmayıb. Bu qərar hakimiyyət təmsilçiləri tərəfindən ordu quruculuğu yönündə atılan ciddi islahat kimi dəyərləndirilsə də, müstəqil hərbi ekspertlər bunun əksini düşünür. Yeni qurumun yaradılmasını tamamilə lüzumsuz bir addım kimi dəyərləndirən ekspertlər hesab edir ki, çağırış və səfərbərlik sistemi ilə bağlı neqativ halları aradan qaldırmaq üçün hərbi komissarlıqlar sistemində müəyyən islahatlar aparmaq kifayət idi. Onların fikrincə, bu addım problemin həllindən çox hakimiyyət içində güclü bir şəbəkənin korporativ maraqlarına xidmət etməkdən başqa bir şeyə yaramayacaq. Ekspertlər düşünür ki, peşəkar hərbi rəhbərlik bu işin mahiyyətini və müsbət yöndə heç bir işə yaramayacağını anladıqlarından bu məsələdə maraqlı deyillər. Eyni zamanda, onlar Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı gözləntilərin müsbət nəticə verməyəcəyi qənaətindədirlər.
Müstəqil hərbi qurum kimi fəaliyyət göstərəcək Dövlət Xidmətinin üzərində heç bir nəzarət olmadığı üçün, əslində bu qurumda korrupsiya üçün daha geniş zəmin formalaşacaq.

Xatırladaq ki, Əliağa Hüseynov baş komissar vəzifəsindən azad ediləndən sonra hərbi çağırış sistemində rüşvət və korrupsiya elementləri təxminən bir il müddətində aradan qalxmış, Azərbaycan insanının çoxdan arzu etdiyi şəffaflıq formalaşmışdı. Lakin görünür, siyasi hakimiyyətdə bəzi şəbəkələri bu cür rüşvətsiz mühit qane etmir və yeni qurumun yaradılmasını da məhz bu maraqlar kontekstində dəyərləndirmək lazımdır. Çünki araşdırmarlara görə, son bir ilə qədər ilboyu çağırış zamanı bəzi ciblərə 50-70 milyon manat rüşvət axırmış. Məhz buna görə, yeni qurumun yaradılmasını itirilmiş milyonların yenidən qaytarılması cəhdi kimi dəyərləndirilə bilər. Digər bir tərəfdən yeni yaradılan quruma da elə bir şəxs rəhbər təyin olunub ki, onun səfərbərliklə bağlı nə savadı, nə də təcrübəsi yoxdur. Arzu Rəhimov Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. Bundan sonra Dövlət Sərhəd və Dövlət Miqrasiya Xidmətində çalışıb, oradan isə Hərbi Çağırış üzrə Dövlət Xidmətinə təyinat alıb. Hərbi Çağırış üzrə Dövlət Xidmətinə isə bir çox məsələ həvalə olunub ki, sözügedən qurumun bütün bunların öhdəsindən gəlməsi praktiki baxımdan mümkün deyil. Arzu Rəhimov bir gün də olsun müharibə şəraitində olmayıb. O, döyüş tələbatlarını necə bilə bilər? Amma bütün bu keyfiyyətlərə rəğmən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunan Arzu Rəhimov komissarlıq sistemində əsaslı dəyişiklikləri həyata keçirmək niyyətindədir. O, bununla bağlı xüsusi plan hazırlayıb.

Bu barədə DİA.AZ-a məlumat verən mənbənin sözlərinə görə, Arzu rəhimov bir sıra rayonların komissarlarını yenilərilə əvəz edəcək: «O, həmin təyinatdan cəmi 3 gün sonra - fevralın 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ilk toplantısını keçirdi. İclasda bir sıra rayonlar üzrə məsul şəxslər iştirak edirdilər. Toplantıda səsləndirilən fikirlər göstərdi ki, ciddi yeniliklər gözlənilir». Görünür, nəhs gündə - fevralın 13-də baş verən dəyişikliklər bəzi komissarlar üçün heç də düşərli olmayacaq. Komissarlıq işçisinin sözlərinə görə, dəyişikliklər əsasən yeni komissarların təyinatı ilə bağlı ola bilər. Belə ki, yeni rəis bir çox rayonlarda komissarları dəyişmək niyyətindədir. Bu planlar arasında müvafiq struktur işçilərinin ixtisarı, eləcə də rəhbərlərinin transferləri də var: «Yadınızdadırsa, ötən il dörd rayonun komissarlığında rüşvət və korrupsiya cinayətləri aşkarlandı. Hətta onlar arasında vəzifəsindən kənarlaşdırılanlar, həbs edilənlər də oldu. Bütün bunlar komissarlıq sistemindəki nöqsanları üzə çıxardı. Arzu Rəhimov isə Sərhəd Xidmətində çalışmış adamdır. Bu sahənin digər sektorlarla müqayisədə rüşvətdən, korrupsiyadan kənarda qalması göz qabağındadır. Sərhəd Xidmətində əsgər ölümləri, itkilər, xoşagəlməz hadisələr çox nadir hallarda baş verir.»

Komissarlıq sistemindəki kardinal dəyişikliklər bununla yekunlaşmır. Mənbəmiz qeyd etdi ki, bəzi işçilərin təqaüdə göndəriləcəyi planı da hazırlanıb: «Hazırda ölkəmizin komissarlıq sistemində 3500-ə yaxın insan çalışır. Bəzi rəqəmlərdə isə bu, 4000 göstərilir. Bizdə olan məlumata görə, general rəhimov komissarlıqlarda ixtisarlar aparmaq niyyətindədir».

Onu da əlavə edək ki, general Rəhimovun Müdafiə Nazirliyi tabeçiliyində fəaliyyət göstərən Səfərbərlik İdarəsini də ləğv etmək istəyində olduğu bildirilir. Yeni qurumun rəhbərliyi bu qənaətdədir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra analoji adlı başqa bir strukturun fəaliyyətinə ehtiyac yoxdur. Lakin həmin idarənin fəaliyyətinə xitam verilib-verilməyəcəyi, bu barədə yayılan xəbərlərin həqiqətə uyğun olub-olmadığı sual altındadır.


Geri qayıt